Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür
Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür.
Ajans.az xatırladır ki, 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi tərəfindən nəşr edilən “Əkinçi” qəzeti ilə milli mətbuatımızın təməli qoyulub.
Bu dövrdən etibarən Azərbaycan mətbuatı keşməkeşli, lakin şərəfli bir yol keçərək bu günə gəlib çatıb.
“Əkinçi” bir çox məhdudiyyətlərə və senzuraya baxmayaraq, xalqın səsinə çevrilə bildi. Qəzet müxtəlif mövzulara toxunaraq cəmiyyətin oyanışına mühüm zəmin yaratdı. Beləliklə, Həsən bəyin irsi Azərbaycan mətbuatının bayraqdarına, flaqmanına çevrildi.
“Əkinçi”nin unikallığı ondan ibarət idi ki, qəzetdə qaldırılan problemlərin bir çoxu bu gün də aktualdır və həllini gözləyir. 1875–1877-ci illər ərzində 56 sayı çap olunan qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, Seyid Əzim Şirvani, Əsgər ağa Gorani kimi ziyalıların da əvəzsiz xidmətləri olub.

Təəssüf ki, 29 sentyabr 1877-ci ildə Həsən bəy Zərdabiyə qarşı artan təzyiqlər, sərt senzura və maddi çətinliklər qəzetin fəaliyyətini dayandırmağa məcbur etdi. Bununla belə “Əkinçi”nin cəmi iki illik fəaliyyəti də sonrakı nəsil üçün ilham mənbəyinə çevrildi.
O vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb.
Müstəqillik dövründə isə Azərbaycan mətbuatı tamamilə yeni mərhələyə qədəm qoydu. 1990-cı il milli mətbuatımızın azad sözün qaranlıqdan işığa çıxış tarixidir. Bu illər jurnalistlərin gerçəkliyi yazmaq üçün həyatlarını təhlükəyə atdıqları şərəfli dövr kimi yadda qaldı. Ölkədə baş verən siyasi hadisələrə, çaxnaşmalara baxmayaraq, mətbuat Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün fəal mübarizə apardı. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə mətbuatda dönüş nöqtəsi yarandı. 1998-ci il 6 avqust tarixində Prezident Heydər Əliyevin imzaladığı Fərmanla senzuranın ləğvi milli mətbuat tarixində mühüm hadisə oldu.
Prezident İlham Əliyev də mediaya xüsusi önəm verir. Onun 31 iyul 2008-ci il tarixli sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası qəbul edildi. Bu sənəd redaksiyaların fəaliyyətinin dəstəklənməsi, müasir texnologiyaların tətbiqi, jurnalistlərin peşəkarlığının və sosial müdafiəsinin gücləndirilməsi üçün yeni imkanlar yaratdı.
Azərbaycan mətbuatı çağırışlara daim cavab verib. Bunun ən bariz nümunəsi 44 günlük Vətən müharibəsidir. Bu müharibə dövründə mətbuat informasiya cəbhəsində də əsl qəhrəmanlıq nümayiş etdirdi. Ali Baş Komandan Prezident İlham Əliyevin çağırışına cavab verən Azərbaycan mediası düşmən təbliğatını məğlub edərək həqiqətlərimizi dünyaya çatdırmağı bacardı.
Vətən müharibəsindən sonra da mediamızın qarşısında yeni vəzifələr durdu. Prezident İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli Fərmanı ilə Medianın İnkişafı Agentliyi yaradıldı, “Media haqqında” yeni qanun qəbul olundu. Bütün bunlar milli mətbuatın müasir çağırışlara uyğun şəkildə inkişafına xidmət edir.
Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir.
Ajans.az kollektivi həmkarlarımızı 22 İyul – Milli Mətbuat Günü münasibətilə təbrik edir, bu şərəfli yolda möhkəm iradə və yeni-yeni uğurlar arzulayır!