Ajans.az xəbər verir ki, bu barədə Husilərin nəzarətində olan "Al Masirah" telekanalı məlumat yayıb.

Saria bildirib ki, Ben Qurion hava limanı, Eylat limanı və Təl-Əviv yaxınlığındakı hərbi obyektlər də daxil olmaqla, ümumilikdə beş hədəfə zərbələr endirilib:

“Yəmən silahlı qüvvələrinin pilotsuz aviasiya bölmələri unikal hərbi əməliyyat həyata keçirib. Lod hava limanına (Ben Qurion), Yaffadakı hərbi obyektə (Təl-Əviv) və Umm əl-Rəşraş limanına (Eylat) hücumlar təşkil olunub”, - deyə Husi nümayəndəsi qeyd edib.

Hücumun miqyası, dəqiq nəticələri və İsrail tərəfinin bu zərbələrə reaksiyası barədə hələlik rəsmi məlumat yoxdur.

Xatırladaq ki, Husi hərəkatı 2023-cü ilin sonlarından etibarən Qırmızı dənizdə və regionda İsrailə qarşı həm raket, həm də PUA hücumlarını artırıb.

Bu hücumlar əsasən Fələstində baş verən münaqişələr fonunda həyata keçirilir.