Rusiya Kişinyova cavab verdi
Rusiyada Moldova hakimiyyətinin təhdidlər barədə açıqlamalarına cavab verildi.
Ajans.az lenta ru-ya istinadən xəbər verir ki, Rusiya Dnestryanın bölgədəki sülhməramlı missiya çərçivəsində hərbi iştirakını minimuma endirib. Bu barədə Rusiyanın Kişinyovdakı səfiri Oleq Ozerov TASS-a açıqlamasında bildirib. Onun sözlərinə görə, bu bəyanat Moldova hakimiyyətinin ərazidən gələn təhdidlər barədə iddialarına cavabdır.
“Bu illər ərzində Rusiya Federasiyası qəbul olunmuş qərarlara uyğun olaraq Dnestr çayının sol sahilində hərbi iştirakını azaltmağa yönəlmiş xətt aparıb. Bu iştirak ardıcıl şəkildə azaldılıb və hazırda minimum səviyyəyə çatdırılıb,” – deyə səfir vurğulayıb.
Ozerovun sözlərinə görə, Rusiya Dnestryanı ərazidən demək olar ki, bütün ağır silahları çıxarıb və bu səbəbdən Rusiyaya qarşı heç bir əsaslı ittiham irəli sürülə bilməz.
Diplomat həmçinin Moldova baş naziri Dorin Reçanın guya Moskvanın Dnestryanı bölgəyə 10 min əsgər göndərmək planı ilə bağlı dediklərini təkzib edib və bu iddianı “anekdot” adlandırıb.
Bundan əvvəl Dnestryanı Moldaviya Respublikasının Ali Sovetinin deputatı Andrey Safonov bildirmişdi ki, NATO-nun artıq respublikanı ələ keçirmək planı hazırdır. Onun sözlərinə görə, Rumıniya və NATO qoşunlarının bölgəyə daxil olması, Moldova ilə Dnestryanı arasında münaqişənin diplomatik yolla həllini mümkünsüz edəcək.