Avropa komissiyası islahat planlaşdırır
Avropa Komissiyası kənd təsərrüfatı və regional fondları birləşdirərək büdcədə əsaslı islahat planlaşdırır.
Ajans.az euronews-a istinadən xəbər verir ki,Avropa Komissiyasının Aİ-nin uzunmüddətli büdcəsinə dair sızdırılmış layihəsinə görə, kənd təsərrüfatı subsidiyalarının idarə olunmasında böyük dəyişiklik gözlənilir. Buna əsasən, Aİ büdcəsinin ən böyük iki xərci — koheziya fondu və kənd təsərrüfatı subsidiyaları (CAP – Ümumi Kənd Təsərrüfatı Siyasəti) tək bir kanal vasitəsilə birləşdiriləcək.
Ən vacib məqam CAP-ın “ikinci sütunu”nun ləğv edilməsidir. Hazırda bu sütun kənd yerlərinin inkişafı proqramlarını maliyyələşdirir, ekoloji təşəbbüsləri, fermerlərin investisiyalarını və kənd icmalarının inkişafını dəstəkləyir.
Sızdırılmış sənəddə deyilir:
“Yeni çərçivə, mövcud iki fond strukturu üzrə CAP müdaxilələrini vahid çətir altında birləşdirərək uyğunluğu təmin edir. Bu uyğunlaşma daha çox elastiklik və sadələşdirmə gətirir.”
Ötən may ayında oxşar təkliflərə etiraz edən çoxlu fermer təşkilatları kənd yerlərinin inkişaf sütununun aradan qaldırılmasına kəskin etiraz edə bilər. Amma ən köklü dəyişiklik CAP və koheziya siyasətinin birləşdirilməsi ola bilər.
Bu barədə söyləntilər bir neçə aydır mövcuddur. Layihədə “Milli və Regional Tərəfdaşlıqlar” adlı və tək fond tərəfindən dəstəklənəcək yeni mexanizm nəzərdə tutulur.