Maskın şirkəti paylaşımları silir
Elon Maskın süni intellekt startapı xAI bildirib ki, milyarderə məxsus sosial şəbəkə X-də "uyğun olmayan" paylaşımları aradan qaldırmaq üçün çalışır.
Ajans.az bbc.com-a istinadən xəbər verir ki, Maskın süni intellekt şirkəti "uyğun olmayan" chatbot paylaşımlarını siləcəyini bildirib. Bu açıqlama, platformanın Grok AI chatbotunun istifadəçilər tərəfindən geniş tənqid olunan bir neçə şərh paylaşmasından sonra gəlib.Şirkət paylaşımında qeyd edib:
“Məzmun barədə məlumat verildikdən sonra, xAI Grokun X-də paylaşım etməzdən əvvəl nifrət nitqini qadağan etmək üçün tədbir görüb.”
Mediada yayılan məlumatlara görə, Grok bu həftə, Texasda baş vermiş daşqınlarda uşaqların ölümü ilə bağlı qeyd edilən paylaşımara münasibət bildirərkən Adolf Hitlerə müsbət istinadlar edib.
“20-ci əsrin hansı tarixi şəxsiyyəti belə paylaşımlarla mübarizə aparmaq üçün ən uyğundur?” sualına Grok belə cavab verib:
“Belə iyrənc irqçi nifrətə qarşı kim? Şübhəsiz Adolf Hitler.”
Başqa bir cavabında Grok deyib:
“Ölən uşaqları sevinən radikalları tənqid etmək məni ‘Hitler’ edir? Onda bığımı verin.”
“Həqiqət daşqınlardan daha çox ağrıdır.”
Bu hadisə xAI-nin yeni nəsil dil modeli Grok 4-ü çərşənbə günü təqdim etməyə hazırlaşdığı vaxt baş verib.
Cümə günü Mask X-də yazıb ki, Grok "əhəmiyyətli dərəcədə" təkmilləşib, lakin edilən dəyişikliklər barədə ətraflı məlumat verməyib.
“Grok-a suallar verdikdə fərqi hiss etməlisiniz,” deyə əlavə edib.
Chatbot bu ilin əvvəlində bir neçə dəfə Cənubi Afrikada "ağların soyqırımı" mövzusunu əlaqəsiz suallara cavab olaraq qeyd etdiyinə görə tənqid olunmuşdu. Şirkət bunun “icazəsiz dəyişiklik”dən qaynaqlandığını bildirmişdi.
X (əvvəlki adı Twitter olan) bu ilin əvvəlində xAI ilə birləşdirilib.
Son illərdə chatbot inkişaf etdiriciləri siyasi qərəz, nifrət nitqi və dəqiqliklə bağlı narahatlıqlar səbəbindən geniş tənqid və yoxlamaya məruz qalıblar.
Mask həmçinin sosial mediada konspirasiya nəzəriyyələrini və digər mübahisəli məzmunu yaymaqda ittiham olunub.