Danimarka Macarıstana “maksimum təzyiq” vəd edir
“Əgər biz genişlənmə ilə irəliləməsək, bu ölkələrin bəzilərini itirmək riski ilə üz-üzə qala bilərik,” – deyə Danimarkanın Avropa məsələləri üzrə naziri Mari Byerre xəbərdarlıq edib.
Ajans.az euronews-a istinadən xəbər verir ki , "Bu məsələ ukraynalılar üçün çox vacibdir. Bu, onların (Rusiyaya qarşı) apardıqları mübarizədə önəmlidir. Onların Aİ-yə üzv olmaq perspektivinə ehtiyacları var. Biz bu perspektivi əllərindən almaq istəmirik", – deyə Danimarkanın Avropa məsələləri üzrə naziri Mari Byerre jurnalistlərə, o cümlədən Euronews nümayəndələrinə Aarhusda keçirilən brifinq zamanı bildirib.
"Biz çox iddialıyıq və əlimizdən gələni edəcəyik. Macarıstana maksimum siyasi və praktiki təzyiq göstərəcəyik ki, öz etirazlarını geri çəksin. Biz Ukrayna ilə yanaşı Moldova və Qərbi Balkan ölkələri ilə də irəliləmək üçün əlimizdən gələn hər şeyi etməyə hazırıq."
Byerre Macarıstanın vetosunun aradan qaldırılması üçün konkret bir metod açıqlamayıb, sadəcə bunun hələ "çox tez" olduğunu deyib və vetonun aşılmaz hala gəlib-gəlmədiyini söyləməyin tez olduğunu bildirib.
Nazir dəfələrlə bildirib ki, namizəd ölkələrə verilmiş vədlərin yerinə yetirilməsi Aİ-nin "təhlükəsizlik və sabitliyini" gücləndirmək baxımından vacibdir. "Əgər biz genişlənmə ilə irəliləməsək, bu ölkələrin bəzilərini itirmək riski ilə üz-üzə qala bilərik", – deyə o xəbərdarlıq edib.
Danimarkanın sədrliyi Polşanın sədrliyinin xəttini davam etdirərək, Ukrayna və Moldovanın Aİ-yə üzvlük proseslərini mümkün qədər irəli aparmaq vədini təkrarlayır. Hər iki ölkə 2022-ci ilin iyununda namizəd statusu aldıqdan sonra onların üzvlük prosesləri paralel şəkildə aparılır.
Lakin Polşanın sədrliyi dövründə heç bir irəliləyiş qeydə alınmadı. Ukrayna və Moldova hələ də danışıqların ilk mərhələsi olan və demokratiya, insan hüquqları və təhlükəsizlik kimi mövzuları əhatə edən “Əsas prinsiplər” klasterinin açılmasını gözləyir.
Əsas maneə Macarıstanın baş naziri Viktor Orbanın Ukraynanın Aİ-yə üzvlüyünə qarşı sərt vetosudur. O hətta Ukraynanın bloka mümkün qəbuluna dair ölkə vətəndaşlarının fikirlərini öyrənmək üçün milli məsləhətləşmə keçirmişdi.