6 yaşlı qızın qulağı əməliyyatda çürüdü – HƏKİM CAVAB VERMİR
Haqqında şikayət edilən Günel Məmmədlinin adı lisenziya ilə çalışan həkimlərin sırasında yoxdur. 2022-ci ilin iyun ayında Bakı şəhəri “Hayat Estetik Klinika”da 6 yaşlı qız uşağı keçirdiyi qulaq estetikası əməliyyatı zamanı tibbi səhlənkarlıq yaşanıb.
Ajans.az bildirir ki, uşağın valideyni əməliyyatı icra edən həkim Günel Məmmədlidən şikayətçidir. Valideyn bildirib ki, azyaşlının əməliyyatı haqqında ehtimal olunan ağır nəticələr barədə heç bir məlumat verilməyib.
Əməliyyat Bakı şəhərində yerləşən klinikada həyata keçirilib. Əməliyyatdan bir müddət sonra qızın qulağının üst hissəsi qaralmış və çürümüş vəziyyətdə olub.
Qızın vəziyyəti getdikcə pisləşib və sonda həkim Günel Məmmədli qulağın nekroz olmuş hissəsini yerli keyitmə ilə soyaraq tikib. Valideynə isə gələcəkdə dəri köçürülməsi ediləcəyi deyilib. Əməliyyatın 20 min ABŞ dollarına başa gələcəyi bildirilib. Lakin ailənin maddi imkanı bu xərci qarşılamır.
Ahunun valideyni hüquq-mühafizə orqanlarına müraciət edərək, Günel Məmmədli və klinika rəhbərliyinin məsuliyyətə cəlb olunması, zərərin kompensasiya edilməsi və müvafiq hüquqi tədbirlərin görülməsini tələb edir.
Ajans.az hadisə ilə bağlı Səhiyyə Nazirliyinə sorğu göndərib. Cavabda isə, otoplastik, dr. Günel Məmmədlinin adının xüsusi lisenziya ilə çalışan həkimlər sırasında olmadığı məlum olub.
Faktla bağlı həkim Günel Məmmədli ilə əlaqə saxlamağa çalışsaq da, heç bir cavab ala bilmədik.