ABŞ-İran danışıqlarının beşinci raundu BAŞLADI
İran və ABŞ arasında İranın nüvə proqramı üzrə dolayı danışıqların beşinci raundu Romada başlayıb.
Ajans.az xəbər verir ki, bu barədə İranın İSNA dövlət xəbər agentliyi məlumat yayıb.
“İran və ABŞ arasında dolayı danışıqların beşinci raundu Romada Omanın vasitəçiliyi ilə başlayıb”, - məlumatda deyilir.
Agentliyin məlumatına görə, İran nümayəndə heyətinə ölkənin xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff başçılıq edir. Danışıqlar Omanın Romadakı diplomatik nümayəndəliyində aparılır.
Bundan əvvəl Ağ Evin mətbuat katibi Karolin Levitt demişdi ki, İranla respublikanın nüvə proqramı üzrə danışıqlar düzgün istiqamətdə gedir. Eyni zamanda, onun sözlərinə görə, İranla razılaşmanı başa çatdırmaq üçün iki variant var: ya müsbət diplomatik həll əldə olunacaq, ya da İslam Respublikası üçün mənfi vəziyyətə gətirib çıxaracaq.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.