"Simpsonlar" bunu da öncədən bildi - ŞOK FOTO
Populyar mədəniyyətin ən ikonik əsərlərindən biri olan "The Simpsons" animasiya serialı, gələcəyə dair “kəhanətləri” ilə yenidən müzakirə mövzusuna çevrilib. ABŞ istehsalı olan bu uzunömürlü serialın illər əvvəl yayımlanan bəzi bölümlərində reallıqda baş verən hadisələrə bənzər səhnələrin yer alması, tamaşaçılar arasında təəccüb doğurmağa davam edir.
Ajans.az dünya mediasına istinadən xəbər verir ki, son olaraq Avropada baş verən genişmiqyaslı elektrik kəsintilərindən sonra serial, bir daha “gələcəyi bilən serial” kimi gündəmə gəlib. İspaniya və Portuqaliya başda olmaqla, Andorra və Fransanın bəzi bölgələrində milyonlarla insan bu kəsintilərdən təsirlənib. Qısa müddətlik panika yaşanan İspaniyada fövqəladə vəziyyət elan olundu, təhlükəsizlik qüvvələri hərəkətə keçdi.
Hadisələrdən sonra "The Simpsons" serialının 1998-ci ildə yayımlanan "Springfieldın Son Günü" adlı bölümü sosial şəbəkələrdə yenidən paylaşılmağa başladı. Həmin epizodda bütün qəsəbənin işıqsız qaldığı, mobil telefonların və avtomobillərin işləmədiyi səhnələr yer alırdı.
Bundan əlavə, 2023-cü ildə yayımlanan başqa bir bölüm də diqqətdən yayınmadı. Orada serialın məşhur personajlarından Mr. Burns, 28 fevral 2025-dən sonra artıq enerji olmayacağını bildirir. Bu dialoq, o dövrdə sosial mediada geniş şəkildə müzakirə olunmuşdu.
Qeyd edək ki, “The Simpsons” daha öncə də Donald Trampın prezident seçilməsi (2000), ağıllı saatların istifadəyə verilməsi (1995) və qlobal pandemiyanın yayılması (1993) kimi bir çox hadisəni “öncədən göstərməsi” ilə tanınıb. Bu səbəbdən, serial təkcə əyləncə məqsədli bir layihə deyil, zaman-zaman “öncəgörmə gücünə malik” bir media nümunəsi kimi də dəyərləndirilir.
