Zelenskini "dram kraliçası" adlandırdı!
Ukrayna prezidenti Amerika lideri Donald Trampın Krımın Rusiya kimi tanınması təklifini açıq şəkildə tənqid etməməli idi.
Ajans.az xəbər verir ki, MKİ-nin (Mərkəzi Kəşfiyyat İdarəsi- red) keçmiş zabiti Larri Consonun sözlərinə görə, bu, Kiyevin danışıqlar prosesindəki mövqeyini pisləşdirib.
Bu fikri o, Judging Freedom adlı “YouTube” kanalında paylaşıb.
“O, sadəcə olaraq Londondakı görüşdən əvvəl heç nə deməməli idi. Əvəzində “dram kraliçası” ayağa qalxdı və hər tərəfə qışqırmağa başladı”, - ABŞ kəşfiyyatının keçmiş zabiti deyib.
O vurğulayıb ki, Zelenskinin bu cür hərəkətləri son nəticədə Amerika prezidentini ona qarşı yönəldib, çünki Ukrayna lideri onunla hələ də razılığa gəlməyin mümkün olmadığını nümayiş etdirib.
Bundan əvvəl “The Washington Post” yazıb ki, ABŞ Ukrayna və Avropa İttifaqına münaqişənin sülh yolu ilə həlli üçün şərt kimi Krımı Rusiyanın bir hissəsi kimi tanımağı və hazırkı hərbi əməliyyatlar xəttini dondurmağı təklif edəcək.
Buna cavab olaraq Zelenski bəyan edib ki, Ukrayna heç vaxt Krımı Rusiya kimi tanımayacaq. Tramp daha sonra Ukrayna prezidentinin bəyanatını tənqid edib.