"Gözlənilən İstanbul zəlzələsi qapıdadır" - XƏBƏRDARLIQ EDİLDİ
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş İstanbulda baş verə biləcək güclü zəlzələyə dair əhəmiyyətli açıqlama verib.
Ajans.az bildirir ki, o qeyd edib:
"Gözlənilən İstanbul zəlzələsi hər an baş verə bilər. Millətimizin, bütün qurum və təşkilatlarımızın buna hazır olması və mümkün olan ən az itki ilə bu fəlakəti keçirməsi lazımdır".
İstanbulda hiss edilən son zəlzələ ilə bağlı danışan TBMM sədri zəlzələdən təsirlənən vətəndaşlara “keçmiş olsun” diləklərini çatdırıb və deyib:
“İstanbul və ətrafında çox güclü hiss edilən bir zəlzələ yaşadıq. Görünən odur ki, çoxdan gözlənilən İstanbul zəlzələsi hər an baş verə bilər. Bu səbəbdən də hər kəsin hazırlıqlı olması şərtdir".
Hazırda hər hansı ölüm və ya xəsarət barədə məlumat daxil olmadığını bildirən Kurtulmuş ümid etdiyini deyib ki, bu zəlzələ böyük təsirlərə səbəb olmadan keçib.
Qeyd edək ki, bu gün İstanbulda 4 ardıcıl zəlzələ olub və bunlardan biri güclü olub - 6,2 bal.