Aİ-NATO münasibətləri dərin böhran içindədir?
ABŞ dövlət katibi Marko Rubio və ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffun Ukrayna ilə bağlı Londonda keçiriləcək görüşdə iştirakdan imtina etməsi konfransın əhəmiyyətini ciddi şəkildə azaldır.
Ajans.az xəbər verir ki, bu barədə Financial Times (FT) qəzeti yazır.
Nəşrin qeyd etdiyi kimi, aprelin 23-də Londonda keçirilməsi planlaşdırılan görüş uzun müddətdir ki, Avropanın Ukrayna üzrə danışıqlar masası arxasında iştirakının təsdiqi kimi qəbul edilirdi. Lakin Rubio və Vitkoff imtina etdikdən sonra vəziyyət dəyişdi. Əvəzində konfransda Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq iştirak edəcək.
ABŞ-nin Krımı Rusiya kimi tanımasını nəzərə alsaq, Avropa tərəfi üçün vəziyyət xüsusilə ağır görünür. Rubio və Vitkoffun imtinası ilə birlikdə bu, Aİ və NATO arasında münasibətlərdə real böhrana səbəb ola bilər. Onlar öz “prinsipləri” ilə Vaşinqtonla münasibətləri korlamamaq istəyi arasında seçim etməli olacaqlar. Sonuncu, xüsusilə, ABŞ-nin Şimali Atlantika Alyansından çıxmasının qarşısını almaq istəyi ilə bağlıdır.
Bundan əvvəl bildirilmişdi ki, aprelin 23-də Londonda Ukrayna üzrə keçiriləcək görüşün formatı qəfil dəyişib. İştirakçı ölkələrin Xarici İşlər nazirliklərinin rəhbərləri konfrans çərçivəsində danışıqlar aparmaq niyyətində deyillər. Əvəzində rəsmi səviyyədə görüşlər keçiriləcək. Bu dəyişikliklərin səbəbləri hələ açıqlanmayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.