Netanyahu ilə görüşdə Ərdoğanla bağlı bu sözlər GÜNDƏM OLDU
ABŞ-nin prezidenti Donald Tramp "Ağ Ev"də İsrailin baş naziri Binyamin Netanyahu ilə görüş keçirib. Görüşdən sonra iki lider Oval Ofisdə jurnalistlərin suallarını cavablandırıb.
Ajans.az dünya mediasına istinadən xəbər verir ki, mətbuat konfransında Trampın Türkiyə ilə bağlı fikirləri diqqət çəkib. Jurnalistlərin suallarını cavablandıran Tramp, prezident Rəcəb Tayyib Ərdoğan haqqında müsbət fikirlər səsləndirib:
“Prezident Ərdoğanı sevirəm. O da məni sevir. Mən bunu açıq deyəndə mətbuat əsəbiləşir. Halbuki biz bir yerdə çox işlər görmüşük və heç bir ciddi problem yaşamamışıq”.
O, həmçinin Netanyahu ilə aralarında Türkiyə barədə keçən söhbəti də bölüşüb:
“Netanyahuyla danışanda ona dedim ki, əgər Türkiyə ilə probleminiz varsa, mən həll edə bilərəm. Çünki Ərdoğanla çox yaxşı münasibətlərim var. Amma sən də bir az mülayim olmalısan, Bibi – belə dedim. Mən Netanyahuya bildirdim ki, israillilər Türkiyə ilə bağlı məsələlərdə sağlam düşüncə ilə davranmalıdırlar".
Tramp Türkiyənin bölgədəki rolunu da xüsusi vurğulayıb. Onun sözlərinə görə, Ərdoğan son iki min ildə heç kimin bacarmadığı addımlar atıb:
“Ərdoğana dedim ki, sən Suriyada nəzarəti ələ almısan. O isə ‘yox, mən deyiləm’ dedi. Mən isə ‘yox, sənsən’ dedim. Gülümsəyib ‘bəlkə də mənəm’ dedi. Ərdoğan çox güclü, möhkəm və ağıllı bir liderdir. O, başqalarının bacarmadığı işləri bacardı".
Trampın bu fikirləri həm jurnalistlər, həm də müşahidəçilər tərəfindən müzakirə olunmağa davam edir.