Mollaların yas qiymətləri- ŞOK İDDİA

Mollaların yas qiymətləri-
Cəmiyyət 21-02-2025 - 13:46

Yas mərasiminin əsas iştirakçılarından olan mollaların təhsil məsələsi günün əsas müzakirə mövzularındandır. Söylənilənlər arasında o da var idi ki, mollalar lisenziya ilə fəaliyyət göstərməli, yerli icra strukturları isə onlara nəzarət etməlidir.

Bizim toxunmaq istədiyimiz mövzu isə tamam fərqlidir. Maraqlıdır, görəsən, Azərbaycan reallığında yas mərasimini yola vermək üçün mollalar nə qədər pul tələb edir? Yas mərasimlərini idarə edən mollalar arasında bunu özünün müqəddəs borcu hesab edənlər çoxdur, yoxsa bazardakı kimi qiymət danışanlar?
Məsələni dəyərləndirən ilahiyyatçı Tural İrfan “Ajans.az”a açıqlamasında deyib ki, İslam dininə görə müsəlmanların molla, ruhani, din xadimi və qeyri-molla, qeyri-din xadimi kimi təsnifatı yoxdur:
‘’İman gətirən hər kəs müəyyən dini şəriət qaydalarını öyrənib bilməkdə mükəlləfdir ki, qarşıya çıxan məsələləri yola verə bilsin. Lakin sonralar ruhani təbəqə formalaşdı ki, bunu da yaradan müxtəlif səbəblər var. Görünən də odur ki, bu adamlar dini ayinləri icra etməyi, ölü dəfn etməyi özlərinə peşə və qazanc vasitəsi ediblər. Halbuki bu da doğru deyil. Elə bir peşə, sənət İslamda nəzərdə tutulmayıb. Nə Quranda, nə də sünnədə elə şey yoxdur. Elə bir dövrdə yaşayırıq ki, Sovet rejimi dini unutdurdu, 70 il insanları öz dinlərini öyrənməkdən uzaq saldı. Ona görə də müəyyən təbəqə ruhanilər, din xadimləri formalaşdı. Öz ölüsünü özü dəfn edə bilməyən müsəlmanlara yol göstərib istiqamət versin, dualar oxusun və s. Amma gərək bu şəxslər də bunu bir müsəlman olaraq özlərinə borc bilsinlər. Zəhmətinə, sərf etdiyi zamana müqabil müəyyən məbləğə ala bilərlər. Amma qiymət danışmaq, az verəndən çox istəmək, xüsusi bir qiymət qoymaq doğru deyil. Çünki belə şeylər dini alver predmetinə çevirir. Ölkəmizdə bu məbləğlər rayon, kənd və şəhər arasında dəyişir. Və eşitmişəm ki, mollanın, yəni, məclisə gətirilən adamın nüfuzu da rol oynayır. Bahalı müğənnilər kimi, yəni Həci yasa əgər 200 minlik maşını ilə gələcəksə, artıq onun yanacağının pulu, itirdiyi zaman nəzərə alınır. Onlara daha artıq ödənilir. Həm də populyar Həciləri yasa gətirmək bir növ şan-şöhrət üçündür. Necə ki, müğənniləri gətirirlər, eləcə də ruhaniləri gətirirlər. Burada günahın çoxu mollada yox, onlara artıq pul verib gətirəndədir. Məgər müsəlman deyilsən? İki kəlmə sözü əzbərləyib öz ölünə özün cənazə namazı qıla bilməzsən? Gərək kiməsə rüşvət verib ölünü o dünyaya da rüşvətlə yola salasan? Məgər doğulanda həkimə rüşvət vermək bəs etmir?İnsanlar bu adətləri özləri yaradır. Çox zaman nə həkim, nə də molla pul istəmir. Özləri onu məcbur edirlər ki, uzaq məsafədən durub gəlsin, axırda da məcbur olur zəhmətinə, itirdiyi vaxta görə pul alsın. Ancaq ölkəmizdə əvvələr rəsmi din xadimlərinə yardım edilmirdi, ona görə bəziləri bunu əsas gətirib yaslardan dili ilə pul istəyib alırdılar. Amma indi Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən məscid imamlarına, dini ayinləri icra edənlərə normal maddi yardım göstərilir. Bununla yanaşı, yas yola verən din xadiminə əgər yas sahibi müəyyən məbləğ bağışlayarsa, burada problem yoxdur. Ancaq pis olan din xadiminin qiymət oxuması və qabaqcadan qiymət danışmasıdır. Bu olmaz. Ancaq daha yaxşısı odur ki, müsəlmanlar öz dinlərini, dini ayinləri öyrənsinlər. Adamlar var ki, gündə 3 yaxud 5 dəfə namaz qılır. Amma ölüsü düşəndə gedib cənazə namazı qılmaq üçün molla gətirir. Halbuki cənazə namazı gündəlik namazdan daha asandır. Bəzi istismarçı mollalar bunun əksinə təbliğat aparıblar ki, yox özün qıla bilməzsən, gərək bu prossesi icra etsin’’.
Ekspert vurğulayıb ki, İslam dininə görə ölünü dəfn etmək üçün böyük bir məharət, fəlsəfə tələb olunmur:
‘’Bəzi rayonlarımızda gələndə isə ölüləri qohumlar özləri yuyub kəfənləyir. Namazı da bilən biri irəli keçib qılır. Amma bəzi saxtakar ruhanilər bu işi qəlizləşdirirlər ki, bazarları bağlanmasın. Axı hamı öz ölüsünü özü dəfn etsə, onda mollaya ehtiyac qalmır. Bəli, molla, din xadimi əgər rəsmidirsə, o dini cəhətdən məmur sayılır. Onun da vəzifə borcu olduğu ayini icra edərək qarşılığında vətəndaşdan pul tələb edib alması dini cəhətdən də, dünyəvi hüquqda da rüşvətdir. Yas sahibinin könüllü olaraq, öz istəyi ilə qəlbindən keçən hədiyyəni yaxud pulu mollaya verməsində bir qəbahət yoxdur’’.

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: