"Kripto" istifadəçilərinin DİQQƏTİNƏ: Bu halda pulunuz geri qayıtmayacaq! - TƏHLÜKƏ

"Kripto" istifadəçilərinin DİQQƏTİNƏ: Bu halda pulunuz geri qayıtmayacaq! -
Kriptovalyuta
İqtisadiyyat 01-11-2024 - 15:12
 279

Kriptovalyuta alqı-satqısına meyl artıb. Bu prosesi reallaşdıran şirkətlər deyirlər ki, Azərbaycanda bununla bağlı qanunverici baza yoxdur. Mərkəzi Bankın lisenziyasına da ehtiyac yoxdur. Müştərilər vəsait yatırır, bir müddət sonra belə şirkətlər bağlanır və ciddi problemlər olur.  Səhm, istiqraz alma,treyd etmək üçün Milli Bank Lisenziya verir. Kriptovalyuta alqı-satqısı isə bu mexanizmdən kənar qalıb. Lisenziyası olmayan şirkətlər qeydiyyat üçün müştəridən şəxsiyyət vəsiqəsi məlumatlarını istəyir. Bu isə müştəri haqqında məlumatların xarici bazada yığılması deməkdir.

Belə olan təqdirdə müştərilərin təminat və şirkətlərə etimadı necə olmalıdır? Bu sahədə qanun necə işləməlidir? İnsanlar nələrə diqqət etməlidir?

Məsələ ilə bağlı Ajans.az-a açıqlama verən iqtisadçı, kriptovalyuta üzrə ekspert Elnur Quliyev təsdiqləyib ki, Azərbaycanda hal-hazırda kriptovalyutaların alqı-satqısı ilə bağlı hər hansı bir tənzimləyici aktlar yoxdur:

“Ona görə də bu işlə məşğul olan şirkətlər məcbur olur ki, Azərbaycan Mərkəzi Bankı, Dövlət Vergi Xidməti və Maliyyə Monitoru Xidmətinin mövcud qanunverciliyi olan sərhəddə fəaliyyətlərini davam etdirsinlər. Ona görə də birbaşa tənzimləmələr olmadığı üçün bu tip əmək fəaliyyətləri olub və olmağa davam edəcək. İkinci məsələ odur ki, kriptovalyuta ticarəti ayrıdır. Yəni platformalar var ki, sırf bu sahənin alqı-satqısını həyata keçirir. İkinci fəaliyyət istiqaməti isə odur ki, insanlardan pulu alıb o pulla idarəetmə prosesi yerinə yetirirlər. Alqı-satqı üçün lisenziya tələb olunmur. Amma insanlardan pulu alıb idarə etmək artıq lisenziya tələb edir.

Lisenziyası olmayan şirkətlər qətiyyən bu prosesi gerçəkləşdirə bilməz. Amma bəzi şirkətlər, hazırda da bunu edən şirkətlər var. İnsanlardan pulu maliyyə idarəetməsi adı ilə deyil, borc müqaviləsi adı altında alırlar. Və borc müqaviləsi aldıqda onlar heç bir hüquqi məsuliyyət daşımır. Əgər borc müqaviləsinin adı keçirsə, onlar bu pulu götürüb istədikləri kimi xərcləyə bilər və əvəzində də müştəriyə vəd olunan faizi ödəyir. Onda bu proses şirkət üçün investisiya fəaliyyəti sayılmır. Və Mərkəzi Bankda buna heç nə deyə bilmir. Çünki müqavilə borc adı altındadır. Oda ki, bütün şirkətlərin bu cür hüququ var. Yəni onlar fiziki və ya hüquqi şəxslərdən pul ala bilərlər”.

Ekspert həmçinin qeyd edib ki, kimsə kriptovalyuta platforması yaratsa, ondan heç bir lisenziya tələb olunmayacaq:

“Sadəcə fəaliyyət kodu olmalıdır. Vergilər sistemində maliyyə, rəqəmsal aktivlər təminatçısı deyə bir kod var. O kodla fəaliyyət göstərmək olar. Amma investisiya idarəetməsi ilə bağlı lisenziya lazımdır. Əgər sən insanlardan pulu alıb şirkət olaraq idarəetmədə istifadə edib, komissiyalar ödəyirsənsə, lisenziya mütləqdir. Lisenziya almanın da şərtləri var: Şirkətin kapitalı, investisiyanı idarə etmək üçün müəyyən kadrlar və onların ixtisas səviyyəsi olmalıdır”.

E. Quliyev iflas prosesindən sonrakı mərhələlə də aydınlıq gətirib:

“İnsanlar necə olur ki, lisenziyası olmayan şirkətlərə pul verirlər? Nəticədə də pul itkisinə məruz qalırlar. İlk növbədə bu ondan irəli gəlir ki, insanların maliyyə savadlılığı səviyyəsi çox aşağıdır. Çünki şirkəti araşdırmadan, lisenziya olub-olmadığını bilmədən necə güvənmək olar? Və yaxud da faiz gəlirlərini görərək digər məsələləri göz ardı edən insanlar bu məsələdə diqqətli davranmır və davranmayacaqlar da. Çünki sözügedən şirkətlər bazarda olan faiz dərəcəsindən qat-qat yüksək faiz təklif edirlər.

İnsanlar da bu riskə gedərək öz maliyyə vəsaitlərini riskə atmağı könüllü şəkildə həyata keçirir. İnsanlar daha qısa müddətdə daha çox qazanmaq istəyir. Bunun müqabilində də heç araşdırma aparmadan pullarını tanımadıqları, sığorta sistemi ilə əlaqəsi olmayan şirkətlərə yatırım edirlər. Həmin şirkətlər də iflas etdikdə insanların pulları batır. Hazırda bu işlə məşğul olan fiziki şəxslər və şirkətlər var. Onlar lisenziyasız insanlardan pul cəlb edirlər. Buna həm kriptovalyuta ticarəti, həm də “Forex” daxildir. Gələcəkdə pul itkisi və ya iflas olsa, müştərilərin onlardan pulu geri alması mümkün olmayacaq”.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: