İmperialist oyunlar Qafqaza geri dönür? - "Əgər müharibə başa çatsa..."

ABŞ-də Donald Trampın prezident seçilməsindən sonra Rusiya ilə danışıqların baş tutması Ukraynada gedən müharibənin qısa zamanda başa çatacağı ehtimallarını artırır. Bəs müharibə bitəcəyi halda, Rusiyanın Cənubi Qafqaza fokuslanması baş tutsa, hansı proseslər baş verəcək?
Bunun bağlı Ajans.az ilə fikirlərini bölüşən deputat Azər Badamov bildirib ki, bu müharibənin başa çatması Rusiyanın Cənubi Qafqaza münasibətini dəyişməyəcək:
“Trampın açıqlanmasına görə ilin sonuna qədər müharibə dayanmalıdır. Rusiya-Ukrayna müharibəsi başa çatacaq. Azərbaycan-Rusiya münasibətlərində bir dəyişikliyin baş verə biləcəyi ilə bağlıdır. Düzdür, təyyarə qəzasından sonra Azərbaycanla Rusiya arasında müəyyən qədər gərginlik yaranıb. Amma bunun müvəqqəti xarakter daşıdığını hesab edirəm. Çünki qəzanı araşdıran müvafiq komisiyanın yekun hesabatı açıqlanandan sonra Rusiyanın məsələyə münasibətinin necə olacağı məlum olacaq”.
Deputat onu da vurğulayıb ki, Moskva bir müddət İrəvanla münasibətlərdə çətin dövr yaşayacaq:
“Onu da qeyd etməliyəm ki, 22 fevral 2022-ci ildə Azərbaycanla Rusiya arasında müttəfiqlik haqqında Bəyannamə imzalanmışdır. Biz həm də qonşu və strateji tərəfdaşıq. Bu baxımdan Ukrayna müharibəsinin başa çatmasının Rusiya-Azərbaycan münasibətlərinə hər hansı bir təsirinin olacağını hesab etmirəm. Amma Rusiyanın Ermənistanla münasibətlərində müəyyən qədər çətin dövrünün yaşaycağını düşünürəm. Çünki Ermənistan Rusiyadan uzaqlaşmağa və Qərbə inteqrasiya olunmağına çaılışır. Bu da Rusiyanın Cənubi Qafqazdakı maraqlarına ziddir”.
Məsələ ilə bağlı saytımıza danışan politoloq Sultan Zahidov qeyd edib ki, Ukraynadakı müharibənin sona çatmasından sonra Moskva Cənubi Qafqazda yeni geosiyasi oyunlara əl ata bilər:
İndiki halda Rusiyanın Ukraynadakı müharibəyə başının qarışması onu Cənubi Qafqazdan bir qədər uzaqlaşdırır. Müharibə bitsə, Ukrayna və Rusiya arasında hansısa saziş imzalansa, Rusiyanın yenidən Cənubi Qafqaza fokuslanması mümkündür. Belə olan halda, imperialist məfkurəli bir dövlətin Qafqazda yenidən öz geosiyasi oyunlarını oynamağa başlaması ehtimalı yaranır. Burada söhbət müəyyən təzyiq vasitələrindən istifadə edərək Ermənistanı "cilalamaqdan" gedir.
Politoloq deyib ki, Rusiyanın Azərbaycana qarşı daha sərt ritorikası işə düşə bilər:
“Çünki Rusiya həmişə istəyib ki, postsovet məkanında tək söz sahibi olsun. Lakin hazırki geosiyasi vəziyyət heç də Rusiyanın maraqlarına xidmət etmir. Azərbaycan artıq daha qüvvətli bir ölkədir, digər dövlətlərlə sazişləri var, o cümlədən Türkiyə ilə Şuşa bəyannaməsi var. Rusiya Azərbaycana münasibətində Türkiyə faktorunu nəzərə almalıdır”.
Cavidan Mirzəzadə, Ajans.az