Gənclər evlilikdən niyə qorxur? - SƏBƏBLƏR

Gənclər evlilikdən niyə qorxur? -
Evlilik
Cəmiyyət 25-02-2025 - 15:16

Çində bir şirkət subay işçilərini payıza qədər evlənməyəcəkləri təqdirdə onları işdən çıxarmaqla hədələyir.

Bu barədə "South China Morning Post" məlumat yayıb.

Şirkət tərəfindən verilən bildirişdə deyilir ki, yaşı 28-dən 58-ə qədər olan subay və boşanmış işçilər 2025-ci ilin sentyabr ayının sonuna qədər evlənməlidirlər. Əks halda, onları işdən çıxarmaq gözləyir.

Açıqlamada şirkət bu siyasətin ənənəvi Çin dəyərlərinin dəstəklənməsinə yönəldiyini vurğulayıb. Lakin bu təşəbbüs həm ictimaiyyətin, həm də rəsmilərin kəskin tənqidinə səbəb olub. Bildirilir ki, şirkət əmək qanunlarını və işçilərin hüquqlarını pozduğuna görə töhmət alıb.

Azərbaycanda da ilbəil boşanmaların sayı artır. Əsaslı və ya əsassız, insanlar boşanmağa yüzlərlə səbəb tapır. Bunun qarşılığında evlənmək istəyənlərin sayı azalır və evlilik yaşı da artır.                  

Bəs bu yöndə hansı addımlar atılmalıdır?            

Sosioloq Lalə Mehralı "Ajans.az"a  bildirib ki, gənclərin evlənməməyinin əsas səbəbi maddi imkansızlıqdır:          

"Gənclərin böyük bir hissəsinin evi yoxdur. Evi olmayan gənclərin çoxu evlənəndə kirayədə qalmağa məcbur olur. Paytaxtda isə kirayə qiymətləri çox bahadır. Yəni, qazandığını kirayəyə verirsən. Bu halda evlənmək qeyri-mümkündür. Ona görə də gənclər evlənməkdən qorxurlar.

Həmçinin, insanlardan da evlənməyi tələb etmək absurddur. Bizim mentalitetə görə, evlilik mütləqdir. Yəni, ailə  cəmiyyətin təməlinin möhkəmliyi üçün əsas şərtdir. Son dövrlərdə müasirlik anlayışı gənclərin psixologiyasını dəyişdirib. Çox gənc artıq öz həyatı üçün yaşayır. Ona görə də ailə məsuliyyətinə girməkdən çəkinirlər.  Hər bir halda insanı zorla evliliyə məcbur etmək doğru deyil”.

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: