Gəmi batır: Xilasedilməyi gözləyənlər arasında Azərbaycanlılar...
Xəbər verdiyimiz kimi, "Volqoneft" tankeri Kerç boğazında qəza vəziyyətindədir.
Sahildən 8 km uzaqlıqda olan tankerdə xəsarət alanlar və mazutun dənizə axması ilə bağlı məlumat daxil olmayıb. Xilasetmə əməliyyatına başlanılsa da, fırtına səbəbindən aviasiyanın havaya qaldırılması mümkün olmur.
İnsanlarda narahatlıq doğuran məsələlərdən biri də, həmin tankerdə azərbaycanlıların olub olmaması idi.
Ajans.az- ın sorğusuna cavab verən, Dövlət Dəniz və Liman Agentliyinin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Pərvanə İmanova, heyət arasında azərbaycanlı olmadığını bildirdi.
Qeyd edək ki, Kerç boğazı Qara dəniz və Azov dənizini birləşdirən dəniz keçididir.
Qədim və orta əsrlərdə su yollarını birləşdirən mühüm ticarət marşrutu kimi xidmət edirdi.
1783-cü ildə Krım xanlığının ləğvi və onun torpaqlarının Rusiyaya birləşdirilməsi nəticəsində o, tamamilə Rusiyanın nəzarətinə keçdi.
Sovet dövründə Krım Rusiya SFS Respublikasının bir vilayəti idi və 1954-cü ildə Ukrayna SSR-ə verildi.
1991-ci ilin sonunda Sovet İttifaqının dağılmasından sonra Kerç boğazının qərb tərəfi Ukraynanın , şərq tərəfi isə Rusiya Federasiyasının sərhədləri daxilində qaldı.
2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsi nəticəsində boğaza nəzarət yenidən Rusiyaya keçib.