Fala inanma, faldan da qalma: Novruz falları bizi yanıldır?

Novruz bayramı təbiətin oyanışını, əkinçilik həyatının başlanğıcını və türkün təbiətə bağlılığını rəmzləşdirən qədim bayramdır. Onun adətlərindən biri də çərşənbələrdə fala baxmaqdır.
Maraqlıdır, çərşənbələrdə fala baxmaq adəti nəyə əsaslanır? Həmin fallar nə dərəcə doğrudur?
Məsələyə münasibət bildirən folklorşünas Nigar Həsənova Ajans.az-a bildirib ki, Azərbaycanın mərasim mədəniyyəti olduqca zəngindir:
‘’ Novruz bayramı rəngarəng adət-ənənələri ilə digər bayramlardan fərqlənir. Bu bayramda bir çox maraqlı ənənələr icra olunur, onlardan biri də fala baxmaqdır.
Novruz yaradılışı simvolizə edən bir bayramdır, yəni sadəcə mövsümi bayram deyil. İnsanlar inanırlar ki, sonuncu çərşənbədə icra olunan adətlər və edilən niyyətlər gerçək ola bilər. Novruz çərşənbələrində fala baxmaq qədim inanclara və xalq mədəniyyətinə əsaslanır. Bu adət insanların gələcəyi haqqında məlumat almaq, arzularının həyata keçib-keçməyəcəyini öyrənmək istəyi ilə bağlıdır.
Çərşənbələrdə baxılan fallar əsasən təbiətin oyanışı, dörd ünsürün (su, od, yel, torpaq) gücü və kosmik enerjiyə inamla əlaqələndirilir. Məsələn, su falı – suya niyyət edib, içindəki görüntülərdən gələcəyi yozmaq; qulaq falı – gecə yolda gedən insanların söhbətlərinə qulaq asaraq suallara cavab tapmaq; üzük falı – üzüyü suya salaraq onun hərəkətlərinə görə niyyətlərin yerinə yetib-yetməyəcəyini anlamaq deməkdir.
Novruz çərşənbələrində baxılan fallar elmi əsaslara söykənmir, daha çox xalq inanclarına və psixoloji təsirə əsaslanır. İnsanlar bu falları ümid, motivasiya və ruh yüksəkliyi üçün istifadə edirlər. Yəni, falların doğruluğu subyektivdir və inanıb-inanmamaq şəxsi seçimdir''.