Əli Əsədov deputatlara TƏŞƏKKÜR ETDİ
Artıq 11 ayda iqtisadi artım 4,1% olub, o cümlədən qeyri-neft sektorumuz 6.4% artıb.
Ajans.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı bildirib.
O, strateji valyuta ehtiyatlarımızın 72 milyard dolları ötdüyünü deyib:
“Birbaşa xarici dövlət borcumuz ÜDM-in cəmi 7.3%-ni təşkil edir. Profisitli tədiyə balansı şəraitində valyuta bazarında tarazlığın qorunması, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi və bunun idxal qiymətlərinə azaldıcı təsiri inflyasiyanın aşağı səviyyədə qalmasını şərtləndirib”.
Əli Əsədov qeyd edib ki, 2025-ci ildə dövlət büdcəsinin gəlirləri təxminən 38,4 milyard manat, xərcləri isə 41,4 milyard manat proqnozlaşdırılır: “Dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 2,4%-dir. Büdcə layihəsi müasir Azərbaycan tarixində ən böyük büdcədir. Makroiqtisadi proqnozlara əsasən 2025-ci ildə Ümumi Daxili Məhsulun 3,5% (129,2 mlrd.azn), qeyri-neft sektoru üzrə 4,9% real artım tempi proqnozlaşdırılır”.
Baş nazir Milli Məclisin rəhbərliyinə və üzvlərinə təşəkkür edib:
"Ölkənin əsas maliyyə sənədi olan “2025-ci il dövlət və icmal büdcə layihələri” ilə bağlı Milli Məclisin plenar iclaslarında müzakirələr yüksək səviyyədə təşkil olunub və layihələr qəbul edilib. Buna görə hörmətli Sahibə xanım başda olmaqla Milli Məclisin rəhbərliyinə öz adımdan və Hökumət üzvləri adından təşəkkürümü ifadə edirəm.
Sentyabrın 26-da cənab Prezidentin sədrliyi ilə keçirilən iqtisadi məsələlərə həsr olunmuş müşavirədə dövlət başçısının qeyd etdiyi kimi “ilin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir. Və bu il iqtisadiyyatımız üçün uğurlu olacaq. İlin əvvəlindən əldə edilmiş nəticələr və iqtisadi göstəricilər də bunu təsdiqləyir”.
Əli Əsədov vurğulayıb ki, hökumət tərəfindən təsdiq edilmiş müvafiq Tədbirlər Planının icrası da anti-inflyasiya tədbirlərinə öz töhfəsini verib: "Dünya ərzaq qiymətlərinin nisbətən bahalaşmasına, əsas ticarət tərəfdaşlarında yüksək inflyasiyaya baxmayaraq, 2024-cü ilin 11 ayında Azərbaycanda orta illik inflyasiya 2.0%, illik inflyasiya isə 4.4% olub"./Modern.az