Dollar bu tarixdə zəifləyəcək, manatı nə gözləyir? - AÇIQLAMA

Dollar bu tarixdə zəifləyəcək, manatı nə gözləyir? -
İqtisadiyyat 24-02-2025 - 15:29
 125

“Dünyada əsas valyuta olan ABŞ dollarını digər valyutalardan fərqləndirən xüsusiyyətləri var. Demək olar əksər ölkələr dollardan istifadə edir. Dünyada bir çalxalanma olanda bu valyuta daha da güclənir, çünki investorlar bu valyutaya qaçır. Dollarla bağlı hər hansı təhlükə olduqda qlobal iqtisadiyyatda çaxnaşmalar baş verir və s”.

Bu sözləri Ajans.az-a açıqlamasında iqtisadçı ekspert Elman Sadıqov deyib. O bildirib ki, Donald Trampın yeni tariflər tətbiq etməsi inflyasiya təzyiqinin artmasına səbəb olacaq:

“Tramp hakimiyyətə gələrkən post pandemiya dövründəki inflyasiya artıq zəifləmək üzrə idi. Gəldikdən sonra isə tariflər tətbiq etməyə başladı. Bu tariflərin əsas hədəfi yerli istehsalı idxaldan qorumaqdır. Burada isə məqsəd hər bir ölkə ilə ticarət balansını bərabərləşdirməkdir, yaxud digər ölkələrlə ticarət müharibəsi aparmaq, daha çox öz malını satmaq.

Tariflərin tətbiqi inflyasiya təzyiqinin artmasına səbəb olacaq. İnflyasiya təzyiqinin artması növbəti illərdə dolların dəyərdən düşməsi, alıcılıq qabiliyyətinin düşməsi deməkdir. Hazırda dolların digər valyutalardan üstün olması ona görə deyil ki, dollar güclüdür. Buna səbəb digər ölkələrinin iqtisadiyyatlarının zəif olmasıdır. Ona görə də, dolların digər valyutalara nisbətən kursu yüksəkdir. Bu, çox incə amildir”.

İqtisadçı onu da qeyd edib ki, tariflər tam tətbiq olunarsa, dolların kursu yenə də digər valyutalara nisbətən yuxarı qala bilər, çünki digər ölkələrin iqtisadiyyatı zəifdir:

“Dolların zəifləməsi hər bir ölkəni narahat edir, hər ölkədə dollar rezervləri var, investisiya fondları var və s. Dolların zəifləməsi həmin vəsaitlərin əriməsi deməkdir”.

Elman Sadıqov son olaraq vurğulayıb ki, manatın məzənnəsi ilə bağlı bu il üçün heç bir risk görmür, amma hər halda dünyadakı qlobal şoklara hazır olmalıyıq.

Cavidan Mirzəzadə / Ajans.az

Ajans.az
Vəzifəsi: Redaktor
PAYLAŞ: