Çılğın amerikalı dünyanı hara sürükləyir?

Donald Tramp yenidən hakimiyyətə gəldi və böyük vədlərindən biri Ukrayna-Rusiya müharibəsini dayandırmaq idi. Amma hələ ki, müharibə qızğın şəkildə davam edir. Sual yaranır: Tramp ya vədlərini unutdu, ya da bu məsələ bazardan tərəvəz almaq qədər sadə deyil.
Trampın xarici siyasəti – Siyasət, yoxsa Poker oyunu?
Trampın siyasəti bir növ poker oyununa bənzəyir. O, bəzən blef edir, bəzən riskə gedir, bəzən də hamını təəccübləndirən kartlar açır. ABŞ-nin Ukraynaya yardımlarını azaltması müharibəni sülhə yox, daha çox uzanmağa aparır. Rusiya isə bu vəziyyətdən öz xeyrinə istifadə edə bilər. Hətta Qərb ölkələrinin bəziləri Trampın NATO-ya olan münasibətindən narahatdır. Tramp hökümətinin "Amerika birinci" siyasəti Avropanı ikinci, hətta üçüncü plana atarsa, nə baş verəcək?
Çinə gəlincə, Trampın ticarət müharibəsini yenidən alovlandırması mümkündür. "Tayvan məsələsi" isə odun üstünə benzin tökmək kimidir. Bu, ABŞ və Çin arasında gərginliyin artmasına və nəticədə dünya iqtisadiyyatına böyük zərbə vurmasına səbəb ola bilər.
Növbəti Dünya müharibəsi? Yoxsa böyük xaos?
Böyük müharibələr adətən kiçik səhvlərlə başlayır. Əgər ABŞ Ukraynaya dəstəyi azaldarsa və Avropa dövlətləri müharibəyə daha çox qarışmalı olarsa, bu, regional qarşıdurmanı daha böyük bir müharibəyə çevirə bilər. Çin də Tayvan məsələsində geri addım atmasa, nəticələr çox təhlükəli ola bilər. Bir sözlə, dünya siyasəti hazırda ip üstündə gəzən akrobat kimidir – bircə səhv addım və tarazlıq pozulacaq.
Son olaraq…
Trampın yenidən hakimiyyətə gəlməsindən sonra verdiyi qərarlar dünya siyasətində ciddi dəyişikliklərə səbəb ola bilər. O, Ukrayna müharibəsini dayandıracağını deyirdi, amma vəziyyət hələ də mürəkkəbdir. Üstəlik, onun sərt xarici siyasəti yeni münaqişələr üçün zəmin yarada bilər.
Diplomatik yollar tapılmasa, yaxın illərdə "dünyanın növbəti böyük səhvini" izləyə bilərik. Bəzi siyasətçilər isə "hər şey yaxşı olacaq" deyir. Bəli, hər şey yaxşı olacaq – sadəcə, "kimlər üçün?" sualı açıq qalır...