Buzlu yolda qəza olarsa, avtomobili kim təmir etdirməlidir?- AÇIQLAMA

Qarlı havada yol şəraiti pisləşir, sürüşmə və idarəetməni itirmə riski artır, bu da avtomobil qəzalarının sayının çoxalmasına səbəb olur. Nəticədə sığorta məsələsi gündəmə gəlir.
Sual ortaya çıxır. Buzlu yerdə qəza baş verdikdə sığorta şirkəti dəymiş zərəri qarşılayır? Bu prosses hansı qaydalar əsasında həyata keçirilir?
Suallarımızı cavablandıran sığorta agenti Şahin İsmayılov "Ajans.az"a açıqlamasında deyib ki, havaların qarlı, şaxtalı keçməsi ilə əlaqədar yollarımızda qəza hadisələrinin sayı həddsiz dərəcədə artıb:
"Qəzalar nəticəsində avtomobillərə, vətəndaşların sağlamlığına, əmlaklarına külli miqdarda ziyan dəyir. Bu zaman dəymiş zərərin qarşılanması məsələsi ortaya çıxır.
Bildiyimiz kimi avtomobil sahibləri üçün, sığorta şirkətlərinin təklif etdiyi iki növ sığorta məhsulu mövcuddur.
Bunlardan ən populyar və hər bir sürücünün istifadə etdiyi "Nəqliyyat vasitəsi sürücüsünün mülki məsuliyyətinin icbari sığorta" məhsulu, yaxud qısa desək, avtomobillərin icbari sığortası məhsuludur. Bu məhsul icbaridir, cərimə sanksiyası tətbiq olunur və hadisə zamanı qarşı tərəfə dəyən zərəri qarşılayır. İkinci məhsul isə avtomobillərin "kasko sığorta"-sı məhsuludur. Qeyd edim ki, avtomobil sığortasının könüllü növüdür. Avtomobilin özünə dəymiş zərərə təminat verir.
Hadisə zamanı iki və daha çox avtomobilə zərər dəyə bilər. Həmçinin, vətəndaşın saglamlığı və əmlakı da zərərlə qarşılaşa bilər.
Bu hallarda avtomobilin icbari sığortası qarşı tərəfin avtomobilinə, həm sağlamlığına, həm də mülkiyyətinə təminat verir.
Yolların buzlu olması hadisə intensivliyini artırıb. Hadisələrin tənzimlənməsində ilkin şərt, hadisə yerinə Dövlət Yol Polisinin və sığorta şirkəti nümayəndəsinin gəlməsi, hadisəni qeydə almasıdır. Bu prossedur kimin günahkar olması, kimin zərərçəkən olmasını təyin etmək üçün lazımdır. Yol polisinin verəcəyi qərar ödənişin olunması üçün əsas şərtdir. Bu qərar olmadan ödəniş etmək mümkünsüzdür. Hadisə yerində sürücünün alkoqol təsiri altında olub-olmaması da yol polisi tərəfindən araşdırılır. Belə hal aşkarlanarsa, sığorta şirkətləri ödənişdən imtina edirlər. Ancaq elə bir vəziyyət yarana bilər ki, yolların buzlu olması səbəbindən , DYP hadisə yerinə gələ bilməsin. Bu vaxt avtomobillər hadisə yerini tərk edə bilərlər. Belə halda artıq ziyan sürücülərin öz aralarında razılaşmaları əsasında qarşılana bilər.
Bir məsələyə də diqqət edək. Bir çox sürücülərin avtomobilləri qış şəraiti üçün vacib olan rezin şinlərlə təmin olunmayıb. Hətta, avtomobilin idarə olunması üçün yararsız şinlərdən istifadə edilir. Belə hal qəza riskini dəfələrlə artırır. Avtomobil şininin yararsız olması halı təsdiq olunarsa, sığorta şirkətləri tərəfindən ödənişə imtina halını ortaya çıxara bilər. Ona görə də hərəkət iştirakçıları qarlı və buzlu havalarda təhlükəsizliyi təmin edəcək şərtləri yerinə yetirməyə borcludurlar.
Ekspert vurğulayıb ki, "kasko" sığortasında şərtlər daha sadədir:
"Zərər görmüş avtomobil istənilən halda sığorta şirkətindən ödəniş alır. Burda əsas şərt sürücünün alkoqol təsiri altında olmaması və sənədlərini qaydada olmasıdır.
Bu kimi havalarda sürücülərimizə ehtiyatlı olmağı, avtomobilləri müəyyən şərtlərə cavab vermirsə, yollara çıxmamağı tövsiyə edirik".