Bu ölkələr Ermənistanı silahlandırmağa başladı: Sülhlə bağlı SON DƏQİQƏ xəbəri

Cənubi Qafqazda sülhün təmin olunması istiqamətində aparılan danışıqlara baxmayaraq, Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması hələ də baş tutmayıb. Rəsmi İrəvanın Hindistan və Fransa kimi ölkələrdən silah alması, regionda hərbi balansı dəyişdirməyə və gərginliyi artırmağa hesablanmış addım kimi qiymətləndirilir.
Bununla yanaşı, Zəngəzur dəhlizi ilə bağlı yaranan problemlər də iki ölkə arasındakı münasibətləri çətinləşdirir. Ermənistanın bu mövzuda maneələr yaratması Azərbaycanın regional nəqliyyat layihələrinin reallaşmasına təsir göstərir və geopolitik qarşıdurmanı daha da dərinləşdirir.
Bəs Ermənistan sülh istiqamətində niyə heç bir addım atmır?
Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar İskəndərov Ajans.az-a açıqlamasında bildirib ki, Ermənistan 44 günlük Vətən müharibəsindəki acı məğlubiyyətdən və kapitulyasiya aktını imzalamasından uzun müddət keçməsinə baxmayaraq, sülh sazişinin bağlanmasına maneələr yaratmaqda davam edir. Deputat qeyd edib ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrasında qeyri-adekvat və qeyri-səmimi mövqe tutur:
"Ermənistan özünü sülh tərəfdarı kimi göstərsə də, silahlanır. Son zamanlar isə daha absurd mövqe sərgiləyirlər. Baş nazir Nikol Paşinyan, xarici işlər naziri və digər siyasi dairələr istənilən beynəlxalq görüşdə Azərbaycanla sülhdən danışır. Lakin reallıqda Ermənistan sürətlə silahlanmağa davam edir. Xüsusilə Fransa və bir neçə ölkə Ermənistanın arxasında olduğunu göstərməyə çalışır. Onlar ara-sıra bir araya gəlib, Azərbaycan olmadan birtərəfli qaydada problemlərin həllini müzakirə edirlər. Hazırda gördüyümüz budur ki, Ermənistan sülh danışıqları aparmaq əvəzinə, müharibəyə hazırlaşır. Alınan silahlar arasında uzaqmənzilli raketlər və ölümcül silahların sayı durmadan artır."
Deputat həmçinin Zəngəzur dəhlizi ilə bağlı məsələyə də toxunub və Ermənistanın bu istiqamətdə də yarıtmaz siyasət yürütdüyünü bildirib:
"Avropa İttifaqının (Aİ) missiyası sərhədlərimizdə gəzib müşahidə aparır. Bu isə beynəlxalq hüquqa ziddir və bölgədəki balansı pozmağa yönəlib. Tez-tez Fransanın Ermənistandakı səfiri mandatından və beynəlxalq konvensiyalardan kənara çıxaraq Azərbaycana qarşı absurd bəyanatlar verir. Onların hər bir açıqlaması təxribat xarakteri daşıyır. Ermənistanda bəzi siyasi partiya rəhbərləri də açıq şəkildə Azərbaycanla yenidən müharibəyə hazırlaşmaq niyyətlərini dilə gətirirlər."
Vüqar İskəndərov qeyd edib ki, Ermənistanın atacağı hər bir addıma Azərbaycan ordusu adekvat cavab verəcək:
"Bu terrorçu yanaşma ilə Ermənistan yalnız öz gələcəyini təhlükəyə atır. Reallıq budur ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi və silahlanma siyasəti regionda sülhün əldə olunmasını çətinləşdirir. Azərbaycan isə bölgədə sülhün təmin olunmasının tərəfdarıdır, lakin istənilən təxribata adekvat cavab vermək gücündədir." – deyə deputat vurğulayıb.