Bu ölkə açıq şəkildə MESAJ GÖNDƏRDİ: Bakıya qarşı "Təhlükə siqnalı"

Azərbaycanda bir sıra aparıcı informasiya resursları kütləvi haker hücumuna məruz qalıb. Hazırda "Report.Az”, "Oxu.Az”, "Media.Az", "Baku.ws", "Caliber.Az" və "Baku TV" kimi platformaların fəaliyyətində ciddi problemlər yaranıb. Hücumlar nəticəsində serverlərə və saytların idarəetmə panellərinə sızma cəhdləri qeydə alınıb, bəzi səhifələrdə naməlum şəkillər yerləşdirilib.
"Global Media Group"un verdiyi məlumata görə, bu adi DDOS hücumu deyil, peşəkar və genişmiqyaslı kiberhücumdur. Hazırda mütəxəssislər hücumların qarşısını almaq və saytların işini bərpa etmək üçün intensiv iş aparır.
Bəs, bu hücumda məqsəd nədir?
Məsələ ilə bağlı siyasi şərhçi Asif Nərimanlı Ajans.az-a açıqlamasında bu hücumların arxasında dayana biləcək qüvvələr haqqında danışıb. Onun sözlərinə görə, bu hücumların əsas təşkilatçılarından biri "Hüseynçilər" qruplaşmasıdır və onların kökləri birbaşa İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə bağlıdır:
"Hüseynçilər qrupunun yaradılmasının arxasında Qasım Süleymani dayanırdı. Süleymani İrandakı müqavimət hərəkatına rəhbərlik edirdi və bu hərəkat İraq, Suriya kimi ölkələrdə fəaliyyət göstərsə də, onun əsas məqsədlərindən biri də Azərbaycanı bu coğrafiyaya daxil etmək idi. Bu qruplaşma 2012-ci ildə Gəncədə baş verən terror aktında əsas təşkilatçı rolunu oynayıb. 2020-ci ilə qədər isə Qarabağ müharibəsinə qədər aktiv olsalar da, sonradan arxa plana keçiblər. Lakin İranın Azərbaycana qarşı aqressiv siyasətində bu qrup yenidən ön plana çıxıb. İrandakı Azərbaycan səfirliyinə edilən terror hücumu və sonrakı dövrlərdə "Hüseynçilər" İranın siyasətində mühüm rol oynayıb".
Siyasi şərhçi qeyd edib ki, son aylarda İranın keçmiş prezidenti İbrahim Rəisinin ölümü və Məsud Pezeşkianın hakimiyyətə gəlməsi ilə Azərbaycanla münasibətlərdə müəyyən yumşalma prosesi başlamışdı. Yeni hakimiyyət Azərbaycana qarşı həyata keçirilən bəzi düşmənçilik fəaliyyətlərinin qarşısını almağa çalışırdı. Lakin "Hüseynçilər" qrupunun yenidən gündəmə gəlməsi və kiberhücumlarda adının hallanması bunun əks istiqamətdə mesaj olduğunu göstərir:
"Azərbaycanla münasibətlərin normallaşmasını istəyən İran hakimiyyətinə bir xəbərdarlıqdır. Yəni, SEPAH və onun Azərbaycana qarşı siyasət yürüdən qanadı yeni İran hakimiyyətinin atacağı addımlardan narazıdır. Azərbaycana açıq şəkildə təhlükə mesajıdır. Bu, ölkədəki radikal qüvvələrin hələ də tam sıradan çıxmadığını və lazım gəldikdə aktivləşə biləcəyini göstərir".
Asif Nərimanlı vurğulayıb ki, "Hüseynçilər" qrupunun Azərbaycandakı resursları kifayət qədər sıradan çıxarılıb. Lakin onların əsas məqsədi tamamilə məhv edilmək deyil, daim mövcudluqlarını xatırlatmaqdır. Bu səbəbdən, onlar son kiberhücumlarla həm İran hakimiyyətinə, həm də Azərbaycana öz mesajlarını göndərməyə çalışırlar:
"Bütün bu proseslər göstərir ki, İran daxilində Azərbaycanla münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı daxili çəkişmələr var. Pezeşkianın daha mülayim siyasət yürütmək istədiyi halda, SEPAH və ona bağlı qüvvələr Azərbaycanı hədəf almağa davam edir. Nəticə olaraq, Azərbaycana edilən bu kiberhücumlar təkcə texniki bir təxribat deyil, həm də siyasi bir mesajdır".