Bu işçilərə bayramda ikiqat maaş veriləcək? – AÇIQLAMA

Bu işçilərə bayramda ikiqat maaş veriləcək? –
İqtisadiyyat 13-03-2025 - 15:14
 216

Əvvəllər bayram günlərində dövlət işçilərinə əlavə mükafatlar – premyalar verilirdi. Lakin son illərdə bu praktika dayandırılıb.
 Bəs bu mükafatların yenidən tətbiq olunma ehtimalı varmı? Digər ölkələrdə dövlət işçilərinə bayram mükafatları necə tətbiq olunur? Dövlət büdcəsində bayram mükafatları üçün xüsusi vəsait nəzərdə tutulurmu?
Suallarımızı cavablandıran tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Ajans.az”a söyləyib ki, Azərbaycanda bu praktika bir neçə dəfə tətbiq edilib:


‘’Onun yenidən həyata keçirilməsi üçün rəsmi qərar verilməlidir. Bu, ya dövlət başçısının, ya da Maliyyə Nazirliyinin qərarı ilə mümkündür. Hətta illər öncə əhalinin kommunal borclarının silinməsinə də şahid olmuşuq. Lakin son illərdə belə hallar qeydə alınmayıb.
Bu qaydanın bərpası üçün dövlət büdcəsinin ehtiyat xərclər bölməsindən müəyyən məbləğ ayrıla bilər. Bu vəsait bayram bonusları şəklində vətəndaşlara, dövlət qulluqçularına və ya pensiyaçılara təqdim edilə bilər. Müəyyən əlamətdar günlərdə hərbi qulluqçulara da mükafatlar verilir. Ancaq bu bonusların əməkhaqqına əlavə edilməsi həmin təşkilatların daxili maliyyə vəziyyəti və verdiyi qərarlardan asılıdır.
Dünyanın bir çox ölkəsində bu təcrübə mövcuddur. Məsələn, Almaniya və Fransada premiya anlayışı yoxdur. ABŞ-da bu, Christmas bonus və holiday bonus adlanır. Yaponiyada yay və qış aylarında ildə iki dəfə əməkhaqqının bir neçə misli həcmində bonuslar verilir. İtaliya və İspaniyada isə qanunvericiliyə uyğun olaraq 13-cü maaş ödənilir. Çində milli bayramlarda təqaüdçülərə və dövlət qulluqçularına əlavə bonuslar verilir’’.
Ekspert vurğulayıb ki, Türkiyə və Rusiyada da bu cür ödənişlər həyata keçirilir:
‘’Asiya ölkələrinin əksəriyyətində vətəndaşlara əlavə mükafatlar təqdim edilir. Birləşmiş Ərəb Əmirliklərində isə ildə bir neçə dəfə, xüsusilə Ramazan bayramında bütün bölgə vətəndaşlarına bayram hədiyyəsi kimi böyük bonuslar verilir.
Azərbaycanda isə işçilərə əlavə mükafatlar nəzərdə tutulmayıb. Bunun yenidən tətbiqi ölkənin mövcud maliyyə vəziyyətindən və dövlət başçısının qərarından asılıdır’’.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: