"Bazarstore"da işçilər səbəbsiz olaraq işdən çıxarılır
"Bazarstore"la bağlı ciddi şikayətlər var.
Ajans.az Patrul.az-a istinadən xəbər verir ki, “Azərsun Holding” tərəfindən ona qarşı haqsızlıq olduğunu iddia edən Mehdiyev Kamran, Patrulaz.az qaynar xəttinə olan müraciətində bildirib ki, əsgərliyi bitirdikdən bu günə kimi 11 il ərzində “Azərsun Holding”in “Bazarstore” mərkəz deposunda xidmət edib.
Bu illər ərzində işinə sadiq qalan əməkdaşın xidməti ilə bağlı heç bir problem və əksiklik olmayıb və o, hər zaman tapşırılan işin məsuliyyətlə yerinə yetirilməsinə xüsusi diqqətlə yanaşıb.
“Anbardar-nəzarətçi” vəzifəsində çalışmasına baxmayaraq, funksional olaraq “Baş anbardar” vəzifəsini icra edən vətəndaş onu da əlavə edib ki, hətta son dönəmdə lojistik işlərin çoxalması ilə yanaşı fiziki işlərdə xidmət edən işçilər zamanla əmək haqqı azlığına görə tez-tez işdən ayrılır və yerinə gələn yeni işçilərə işləri öyrətməklə yanaşı, xidmətin gecikməməsi səbəbi ilə onlara iş saatlarından əlavə saatlarda da köməklik edib.
Yalnız o yox, digər işçilər də hər sahə ilə bağlı illərdir evlərinə çörək apardıqları şirkətə sadiq qalaraq əllərindən gələnin ən yaxşısını edərək, müvəqqəti çətinlik olduğunu və hər şeyin yoluna düşəcəyini ümüd edib. Lakin, heç də gözlənilən kimi olmayıb. Son iş günlərinin səhər saatlarında ilk olaraq “Nəqliyyat” bölməsini, daha sonra isə digər işçiləri tək-tək insan resurslarından çağıraraq məcbur “öz xahişimlə” qeydli ərizə yazdırıb işdən azad ediblər. Səbəb olaraq isə dəqiq məlumat verilməyib, sadəcə “”Azərsun Holding”in rəhbərliyindən gələn tapşırığa əsasən lojistik müdürü Ceyhun Quliyevə birbaşa bağlı olan hər bir cavabdeh şəxs işdən azad olunmalıdır” deyilib.
Bir çox işçinin işsiz qalmasına səbəb olan məsələ hər nədirsə, araşdırılıb, əsas səbəbkarın cəzalandırmasını istəyən Kamran Mehdiyev bir neçə qurumlara müraciət etsə də, öz ərizəsi ilə işdən azad olunduğuna görə bir tədbir görülə bilinməyəcəyi deyilib. Lakin, ərizənin məcbur yazdırıldığını deyən vətəndaşımız haqsızlığa göz yummayacağını və mübarizə aparacağını deyir.
Onu da nəzərinizə çatdıraq ki, holdinqdə olan bu qarışıqlıqların rəhbərlik dəyişildikdən sonra baş verməyə başladığı və Azərbaycan vətəndaşlarının işdən çıxarılaraq, əvəzinə yüksək maaşla Türkiyə vətəndaşlarının götürüldüyü iddia edilir.