Azərbaycanda bu evlərin komunnal xidmətləri KƏSİLƏCƏK - Qaz, su, işıq...
2023-cü ilin oktyabr ayının 1-dən bəri paytaxtda tikilən sənədsiz fərdi və qeyri-yaşayış evləri elektrik və istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmayacaq. Yeni qərara görə, sənədsiz evlərə kommunal xidmətlər göstərilməyəcək. Bu xidmətlərin göstərilməsi üçün mütləq şəkildə evin çıxarışı olmalıdır. Bu qərar sosial şəbəkədə geniş müzakirə olunub.
Azərbaycanda oktyabr ayından etibarən qüvvəyə minmiş yeni qanunla kupçasız, yəni sənədsiz evlərə kommunal xidmətlərin göstərilməsi dayandırılacaq. Bu qərar dövlətin sənədsiz evlərdən itirdiyi gəlirlərin qarşısını almaq və bu tip evlərin sənədləşdirilməsini təşviq etmək məqsədi daşıyır. Yeni qaydalar çərçivəsində elektrik, su və qaz kimi vacib kommunal xidmətlər yalnız sənədləri olan evlərə təqdim ediləcək.
Bu dəyişikliklər əmlak bazarına da təsir edəcək. Kupçasız evlərin dəyəri aşağı düşə bilər, çünki belə evlərdə yaşamaq daha çətin olacaq. Bununla yanaşı, kupçası olan evlərin qiymətində artım gözlənilir.
Qanunun əsas məqsədi evlərin sənədləşdirilməsini sürətləndirməkdir. Sənədsiz evlərin sayının çox olması dövlət üçün böyük vergi itkisinə səbəb olur. Bu addım mülkiyyətçiləri kupça almağa təşviq edərək əmlakın qanuni bazaya salınmasını təmin edəcəyi bildirilir. Bununla, vətəndaşların əmlakları üzərində tam hüquqları olacaq və hüquqi mübahisələrin qarşısı alınacaq.
Sənədsiz evlərin böyük hissəsi qeyri-qanuni tikililərdir və planlaşdırma qaydalarına uyğun gəlmir. Bu qanun şəhərsalmanın düzgün idarə edilməsinə və infrastrukturun optimallaşdırılmasına şərait yaradacağı ehtimal olunur. Nəticədə, yolların və digər infrastrukturların daha düzgün şəkildə yerləşdirilməsi mümkün olacaq.
Məlumata görə, qanunun icrası ilə bağlı dövlət orqanları, əmlakların sənədləşdirilməsi prosesini asanlaşdırmaq üçün əlavə tədbirlər görməyi planlaşdırır. Bununla, vətəndaşların kupça almaq üçün daha rahat və sürətli şəkildə müraciət etmələri mümkün olacaq.
Məsələ ilə bağlı danışan əmlak məsələri üzrə ekspert Elnur Fərzəliyev Ajans.az-a bildirib ki, indiyə qədər çıxarış olmasa da, ev tikilən zaman vətəndaş bələdiyyəyə müraciət etməli idi:
“2023-cü ilin oktyabr ayından etibarən torpağının çıxarışının təyinatı yaşayış mənətəqələri torpağı olmayan evlərə kommunikasiya xəttləri çəkilmir. Təbii ki, o gündən bu günə qədər tikilən çox evlər var. Evlər də var ki, o qərar qüvvəyə minməmişdən daha əvvəl tikilib. Bu qanunun əsas məqsədi odur ki, insanlar çıxarışsız ərazilərdə ev tikməsinlər”.
Ekspert qeyd edib ki, yeni qaydalara əsasən hər hansısa fərdi yaşayış tikmək istəyən şəxsin torpağının çıxarışı olmalıdır, daha sonra mənzil layihəsi gətirilir. Onun sözlərinə görə, bu qaydalar daha yaxşıdır, amma Bakı və Abşeronda çıxarışlı torpaqlar yox səviyyəsindədir:
“Həmin ərazilərdə çıxarışlı mənzillər barmaqla sayılası qədərdir və qiymətlər də kəskin bahadır. Buna görə də vətəndaşlar məcbur olub ucuz ərazilərdə, çıxarışsız yerlərdə torpaq alıb ev tikirlər. İndiyə qədər çıxarış ala bilməyən vətəndaşlara ona görə verilmirdi ki, onların torpaqlarının yaşayış deyil, kənd təsərrüfatı olması idi. Bu daha çox Masazır, Binə, Abşeron və Xırdalan ərazilərində vətəndaşların üzləşdiyi problemdir”.
Elnur Fərzəliyev əlavə edib ki, hər hansı tikiliyə çıxarış alınması üçün onun torpağı da yaşayış məntəqələri torpağı olmalıdır.