Azərbaycan dilinin yeni Orfoepiya lüğəti nəşr ediləcək- YENİ QAYDALAR

Azərbaycan dilinin yeni Orfoepiya lüğəti nəşr ediləcək-
Cəmiyyət 26-02-2025 - 15:32

Yeni Orfoqrafiya və Orfoepiya lüğətləri nəşrə hazırlanır. 2025-2026-cı illərdə yeni Orfoqrafiya və Orfoepiya lüğətləri nəşr ediləcək. Bunu AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri Rasim Heydərov APA-ya müsahibəsində bildirib.

Alim qeyd edib ki, 2025-2026-cı illərdə Dilçilik İnstitutunda yeni hazırlanacaq Orfoqrafiya və Orfoepiya lüğətləri tezlik sistemi ilə tərtib ediləcək: "Yəni, mətbuatda, kitablarda və mediada ən çox işlənmiş sözlər seçilib analiz ediləcək. Tezliyi daha yüksək olan sözlər lüğətlərə daxil ediləcək. Yeni lüğətlər hazırkı lüğətlərdən daha zəngin və dəqiq olacaq. Beş yüz milyondan artıq söz bazası yığılıb. Mənə məlumata əsasən, yeni lüğət üçün beş yüz milyondan artıq söz bazası toplanıb. Bu sözlər təkrar işlənəcək, ələnib seçiləcək".

Son 20-30 illik media və mətbuat materialları araşdırılıb.

Rasim Heydərov bildirib ki, media və mətbuatdan son 20-30 illik materiallar götürülüb və bu materiallardan ən çox işlədilən, yəni tezliyi yüksək olan sözlər seçilib:

 "Daxil edilən sözlərin hər birinin götürüldüyü mənbələr də lüğətlərdə öz əksini tapacaq".

Eyni zamanda, Dilçilik İnstitutunda ingilis, ərəb, fars və bir çox dillər üçün yeni transliterasiya lüğətləri hazırlanır. Alim bu prosesin bir qədər uzun sürdüyünü, lakin artıq işlərin başlandığını və sistemin qurulmağa başladığını qeyd edib.

 

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva isə ‘’Ajans.az’’a açıqlamasında deyib ki, orfoqrafiya lüğətinin yeni nəşrinin hazırlanması ilə bağlı heç bir məlumatım yoxdur:



‘’Fikrimcə, belə bir proses baş versəydi, bir dilçi olaraq bundan xəbərim olardı. Lakin hazırda orfoepiya lüğəti nəşrə hazırlanır. Bildiyiniz kimi, orfoqrafiya və orfoepiya normaları əvvəlcə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiqlənir. Həmin qaydalar əsasında lüğət Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanır. Əvvəlki təcrübəyə əsasən deyə bilərəm ki, lüğət ictimai müzakirəyə verildikdən sonra nəşr olunur. Çox istərdim ki, lüğətlərin çapı daha çevik olsun. Yəni, beş ildən bir deyil, hər il yenilənərək nəşr edilsin. Çoxları düşünür ki, orfoepiya lüğətində hamıya məlum olan bütün sözlər yer almalıdır. Lakin bu, doğru yanaşma deyil. Əgər bir lüğət beş ildən bir çap olunursa, hər dəfə onun içində "kitab" sözünün yazılışını axtarmaq doğru olmaz. Lüğətin tərtibatçılarının əsas vəzifəsi diqqətdən yayınan məqamları düzəltmək və yeni sözlərin yazılış qaydalarına aydınlıq gətirməkdir. Bir zamanlar "Facebook" və "G-mail" kimi sözlərin yazılışı ilə bağlı problemlər yaranmışdı. O vaxt biz – Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin əməkdaşları bu məsələnin həlli üçün iki variant təklif etdik: dil qaydalarımıza uyğun olaraq ya "E-mail", ya da "Gmail" formasında yazılması. Əslində, dilimizdə lazımsız xüsusiyyətlər çıxarılmalıdır. Məsələn, "müəllim" sözündə "ü" hərfinin tələffüz edilməsi orfoepiya qaydalarına uyğunlaşdırılıb ki, bu da müsbət addımdır. Çünki ədəbi tələffüzdə "məllim" sözü yoxdur. Təəssüf ki, bəzi insanlar asan tələffüzə üstünlük verərək "müəllim" sözünü danışıqda olduğu kimi yazırlar. Halbuki biz ədəbi dildə düzgün tələffüz etməyə çalışmalıyıq. Mənim fikrimcə, necə yazırıqsa, o cür də danışmalıyıq.

Qloballaşma dövründə Azərbaycan dilini digər dillərin təsirindən qorumaq vacibdir. Artıq musiqimiz, mədəniyyətimiz və ədəbiyyatımız öz bədii üslubunu və anlaşıqlığını itirmək təhlükəsi ilə üz-üzədir. Azərbaycan ədəbiyyatı əsasən tərcümə əsərlərindən ibarətdir və bu da dilimizin təbii inkişafına təsir göstərir. Buna görə də ədəbi tələffüz və dil qaydalarına riayət olunması orta məktəb müəllimlərinin və şagirdlərin masaüstü kitabına çevrilməlidir. Əks halda, gələcəkdə qorumağa borclu olduğumuz dilimizi itirmək təhlükəsi ilə üzləşəcəyik’’.

 

Professor vurğulayıb ki, orfoepiya normalarını tez-tez dəyişmək və yenidən çap etmək mümkün deyil:

‘’Ümumiyyətlə, bir dilçi olaraq, tez-tez dəyişiklik edilməsinin əleyhinəyəm. Ancaq əgər dəyişiklik dilin təbii inkişafından irəli gəlirsə və artıq cəmiyyətdə qəbul olunubsa, bu zaman həmin dəyişikliyi rəsmi qaydada təsdiqləmək lazımdır. Burada müəllimlər, ziyalılar, jurnalistlər və televiziya aparıcıları öz mövqelərini bildirməlidirlər. Unutmayaq ki, dil toxunulmazdır. Əgər insanın söz ehtiyatı genişdirsə, o, düzgün və ifadəli danışmağı bacaracaq. Əks halda, bəzi insanlar Azərbaycan dilinin kasad olduğunu iddia edəcək və dilimizin imkanlarını dərk edə bilməyəcəklər’’.

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: