Ankara Ukrayna ilə bağlı sülh danışıqlarını təşkil etməyə hazırdır - Hakan Fidan

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankaranın Ukrayna üzrə sülh danışıqlarını öz ərazisində təşkil etməyə hazır olduğunu bir daha bəyan edib. XİN rəhbəri qeyd edib ki, münaqişə yalnız hər iki tərəfin iştirakı ilə həll oluna bilər.
Ajans.az xəbər verir ki, onun sözlərinə görə, Ankara hazırda Ukrayna münaqişəsinin həllinə mümkün töhfəsi variantları üzərində işləyir. Fidan həmçinin qeyd edib ki, Ukrayna ilə bağlı təmaslarda iştirak edən tərəflər atəşkəs rejiminin yaradılmasının zəruriliyi ilə bağlı razılığa gəliblər.
“Biz həmişə sülhə nail olmaq üçün hər iki tərəfin iştirakı ilə nizamlanma prinsiplərini dəstəkləmişik. Bizim baxışımız dəyişməyib. Türkiyə tərəflər arasında danışıqların aparılması da daxil olmaqla, sülh səylərinə istənilən dəstəyi verməyə hazırdır”, - deyə xarici siyasət idarəsinin rəhbəri bildirib.
Bir gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov cümə axşamı, fevralın 27-də İstanbulda Rusiya və ABŞ arasında yeni görüşün keçiriləcəyini açıqlamışdı.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin 2025-ci ilin fevralında bir saat yarımlıq telefon danışığı zamanı Ukrayna üzrə mümkün sülh danışıqları barədə razılığa gəliblər.