Ana öz uşağına bağlı qapılar arxasında nələr etdi? - DİN və Ailə, uşaq, qadın komitəsindən RƏSMİ
Sosial şəbəkələrdə azyaşlı uşağa qarşı şiddətlə bağlı blogger Saleh Nəsirov video paylaşıb. Sözügedən görüntülər insanlarda narahatlıq doğurub. Əks etdirilən görüntülər evin çölündən çəkilib və içəridən bir ananın uşağına qışqırdığı eşidilir. Lakin onu da qeyd edək ki, Saleh Nəsirov digər bir paylaşımında “TikTok” platformasından canlı yayım fraqmentləri paylaşıb və iddia edib ki, qapı arxasında baş verənlərə səbəb olan canlı yayımdakı qadındır. Əldə etdiyimiz məlumata görə, videodakı qadın və qapı arxasında səsi gələn şəxs ayrı-ayrı qadınlardır.
Bəs, məsələ ilə bağlı hansı tədbirlər görülüb? Hadisəni törədən ailə nəzarətə götürülüb? Uşaqların aqibəti necə olacaq?
Məsələ ilə bağlı Ajans.az-ın sorğusuna cavab verən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlunun açıqlamasında deyilir:
“Dünən məlumat komitəyə daxil olan kimi bununla bağlı 24-cü polis bölməsi və İcra Hakimiyyətinə xəbər verildi. Onların nümayəndələri ailədə oldular. Öncə ailənin qiymətləndirilməsi aparıldı. Daha sonra evdə 3 qız uşağının olduğu məlum oldu. Ata yoxdur. Ana da işləmir.
Ana bildirib ki, video çəkilən vaxt əsəbi olub, yoxsa uşaqlarına heç vaxt əl qaldırmaz. Əsəbiləşib və uşaqlara təhqiramiz ifadə işlədib. Uşaqlar bağçaya cəlb ediləcək. Ailə ümumilikdə nəzarətə götürülüb. Zəruri olan bütün addımlar atılacaq”.
DİN Mətbuat Xidmətinin inspektoru, polis kapitanı Nurlan Əliyev isə saytımıza açıqlamasında “Bununla bağlı polis və aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə qanunamüvafiq tədbirlərin görülməsi təmin olunub”, - deyə, bildirib.