ABŞ-dan gələn müəmmalı TAPŞIRIQ: Moskvada üçtərəfli görüş buna görə KEÇİRİLMƏDİ - ŞƏRH

Rusiya Prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyinin (MDB) Moskvada keçirilən sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş təşkil etmək istəyirdi. Bu görüşün məqsədi regionda davam edən gərginliyin azalması və sülh prosesinə təkan vermək idi. Ancaq Putin bu cəhdində uğur qazana bilmədi.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, üçtərəfli görüşlə bağlı razılıq əldə olunmayıb. Görüşlə bağlı müzakirələr aparılsa da, liderlər arasında konsensus əldə etmək mümkün olmayıb. Sammit çərçivəsində keçirilən digər görüşlərdə bölgədəki təhlükəsizlik məsələləri müzakirə edilsə də, üçtərəfli görüşün baş tutmaması Moskvanın vasitəçilik səylərinə bir zərbə kimi qiymətləndirilə bilər. Rusiya xüsusilə Qarabağ məsələsində vasitəçi rolunu qoruyub saxlamaq istəyir, lakin tərəflər arasında qarşılıqlı inamın olmaması bu prosesin yavaşlamasına səbəb olur.
Bəs bu görüşün baş tutmamasına əsas səbəb nə idi?
Məsələ ilə bağlı danışan politoloq Elçin Xalidbəyli Ajans.az-a bildirib ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun açıqlamasından belə məlum olur ki, görüşlə bağlı razılıq əldə olunmamasında Ermənistanın rolu böyük olub:
“Doğrudur, müstəqil Dövlətlər Birliyinin (MDB) Moskvada keçirilən sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında üçtərəfli görüş keçirilməli idi. Lakin Ermənistan tərəfi bu görüşdə maraqlı olmadığını nümayiş etdirdi.Bundan əvvəl də Paşinyan Britaniyanın vasitəçiliyi ilə keçirilən görüşdən yayınmışdı, yəni bu ilk deyildi. Burda məsələnin məğzi çox sadədir. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, yekun sülh sazişi ikitərəfli təmaslarla başa çatmalıdır”.
Politoloq qeyd edib ki, Rəsmi Bakı Rusiyanın vasitəçiliyi ilə görüşlərin keçirilməsinə də etiraz etmir, belə bir görüş keçirilərsə, iştirak edə biləcəyinin mesajlarını verir. Onun sözlərinə görə, Ermənistan Rusiyanın vasitəçiliyi ilə üçtərəfli görüşlərdən tamamilə imtina edir:
“Ermənistanın Rusiyanın vasitəçiliyi ilə keçirilən görüşlərdə iştirak etməməsinin əsas səbəbi də ABŞ, Fransa və Avropa Birliyidir. Bu ölkələr Ermənistanı öz siyasi müstəmləkəsinə çevirib və Ermənistana öz geopolitik maraqları çərçivəsində təlimatlar veririlər. Bu təlimatlara Cənubi Qafqazdakı sülh prosesinə yanaşma tərzi də daxildir.
Elçin Xalidbəyli əlavə edib ki, Qərbdən – konkret danışmalı olsaq, ABŞ və Aİ-dən Paşinyana nota gəlir ki, üçtərəfli görüşdə iştirak etməsin. Erənistanın baş naziri də bu təlimatı yerinə yetirir və görüşdə iştirak etmir.