“815” Çağrı Mərkəzinə yanvar-fevral ayları üzrə 22 mindən çox zəng daxil olub

2025-ci ilin yanvar və fevral ayları ərzində TƏBİB-in “815” Çağrı Mərkəzinə ümumilikdə 22 323 zəng daxil olub.
Bu barədə Ajans.az-a TƏBİB-dən bildirilib.
Müraciətlərdən 21 535 zəng müvafiq olaraq dərhal cavablandırılıb, 788 müraciət isə Çağrı xidməti şöbəsi tərəfindən araşdırılması üçün qəbul edilib. 348 müraciətlə bağlı vətəndaşlara müvafiq izahatlar verilib, 383 müraciətlə bağlı məsələ həll edilib, 58 müraciət isə elektron sənəd dövriyyəsi üzərindən rəsmiləşdirilərək aidiyyəti üzrə yönləndirilib.
Daxil olan müraciətlərin mövzusu, əsasən, müayinə və müalicənin təşkili, əlillik məsələləri, dərman təminatı, tibbi heyət və tibbi xidmətdən şikayət, kadr məsələləri, tibbi arayış və sənədlərin verilməsi ilə bağlı olub.
Qeyd edək ki, TƏBİB-in “815” Çağrı Mərkəzi 2022-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. Mərkəzin yaradılmasında əsas məqsəd daxil olan müraciətlərin çevik cavablandırılması, aidiyyəti üzrə yönləndirilməsi və ən əsası, vətəndaş məmnunluğunun təmin edilməsidir.
Vətəndaşlar TƏBİB-in Çağrı Mərkəzi ilə əlaqə saxlamaqla yanaşı, yazılı müraciətləri birbaşa quruma təqdim edə, qurumun rəsmi internet səhifəsi (https://tabib.gov.az/vetendashlar-ucun/elektron-muraciet), eləcə də [email protected] elektron poçt ünvanı üzərindən onlayn şəkildə müraciətlərini ünvanlaya bilərlər.