30 illik YALNIŞ QƏRAR - Məhkəmə 13 milyon ÖDƏDİ
Demək olar ki, otuz ili dəmir barmaqlıqlar arxasında keçirdikdən sonra, 64 yaşlı amerikalı Maykl Sullivan məhkəmədə ədalətə nail olub və məhkəmənin münsiflər heyəti onu 1986-cı ildə baş verən Vilfred Makqratın qətli və quldurluğunda təqsirli bilməyib.
Ajans.az xəbər verir ki, bu barədə Associated Press News məlumat verib. Massaçusets ştatında qanunsuz mühakimələrə görə maksimum kompensasiyanın bir milyonla məhdudlaşmasına baxmayaraq, məhkəmə ona 13 milyon dollar mükafat verib.
Sullivan “Ən önəmlisi məni qətldə təqsirli bilməmək və onu qeydlərimdən silməkdir. Pul, təbii ki, mənim üçün çox faydalı olacaq” ifadələrini işlədib.
Maykl Sullivan etiraf edir ki, azadlığa çıxdıqdan sonra yeni dünyaya uyğunlaşmaqda çətinlik çəkib. Bu müddət ərzində anası və 4 bacısı ölüb və həbsxanada ona dəstək olan sevgilisi sonda onu tərk edib.
Həbs olunmazdan əvvəl Sullivan fıstıq fabrikində işləyib və yük maşını sürücüsü olmaq arzusunda olub, lakin yeni iş ümidi olmadan sərbəst buraxılıb. Aldığı təzminatlara baxmayaraq, həyatında kəskin dəyişikliklər gözləmir. İndi Maykl yeni yük maşını almağı və qardaşı qızlarına baxmağı planlaşdırır.