Yaxın zamanda Zəngəzur dəhlizi açılacaq?

Yaxın zamanda Zəngəzur dəhlizi
Siyasət 04-04-2025 - 17:56

Zəngəzur dəhlizi axır-əvvəl açılacaq. Amma nə vaxt və hansı şərtlər altında açılacağını bilmək üçün proseslərin davamını görməliyik.

Bunu Ajans.az-da açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. O bildirib ki, Zəngəzur dəhlizi hazırda Cənubi Qafqaz üçün olduqca önəmli nəqliyyat-kommunikasiya layihəsidir:

"Bu layihənin reallaşmasında türk dünyasının ciddi maraqları var. Eyni zamanda Çindən Avropaya qədər olan ərazidəki dövlətlərin də bu dəhlizin açılmasında birbaşa maraqları var. Çünki böyük geoiqtisadi maraqlar bu layihə sayəsində reallaşa bilər. Lakin bu dəhliz üzərində müəyyən maraq toqquşmaları da mövcuddur. Dəhlizə kimin nəzarət edəcəyi məsələsi hazırda əsas ziddiyyət rolu oynayır. Çünki bir tərəfdən Rusiya Zəngəzur dəhlizinə nəzarəti tək başına öz əlinə keçirməyə çalışır, digər tərəfdən İran dəhlizin açılmasını ümumiyyətlə açılmasını istəmir.

Türkiyə və Azərbaycan Zəngəzur dəhlizinin kənar güclərin nəzarəti olmadan açılmasını istədiklərini gizlətmir. Rəsmi Bakı hesab edir ki, Azərbaycandan-Azərbaycana yük daşımaları Ermənistanın nəzarətində olmamalıdır. Həmçinin Avropada bəzi qüvvələr Zəngəzur dəhlizi üzərində nəzarət hüququ qazanmağa can atırlar. Hətta rəsmi İrəvan Qərb siyasi dairələrinin bu siyasi marağını təmin etmək üçün beynəlxalq bir şirkətin dəhlizə nəzarət etməsi ilə bağlı təklif irəli sürüb. Lakin Bakı haqlı olaraq bu təklifi qəbul etmədi". 

Ekspert qeyd edib ki, Zəngəzur dəhlizi ətrafında qəliz situasiya yaranıb, maraq toqquşmaları dəhlizin açılmasına əngəllər yaradır:

"Ancaq yaxın gələcəkdə geosiyasi proseslər öz istiqamətini fərqli yönə dəyişəcəyi təqdirdə, Zəngəzur dəhlizinin açılma ehtimalı arta bilər. Lakin hazırda bu məsələ qəliz xarakter daşıyır, yaxın vaxtlarda dəhlizin mütləq açılacağı haqqında ehtimal irəli sürmək çətindir. Böyük ehtimalla bu dəhliz əvvəl-axır açılacaq, lakin nə vaxt və hansı şərtlər altında? Bunu bilmək üçün prosesin davamını izləməliyik".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

PAYLAŞ: