“Xəstə özünə həkim seçə bilmirsə, o, nə TİBBİ SIĞORTADIR?” – Tanınmış həkim GİLEYLƏNDİ

“Xəstə özünə həkim seçə bilmirsə, o, nə TİBBİ SIĞORTADIR?” –
Gündəm 07-10-2024 - 16:54
 111

Xəbər verdiyimiz kimi, Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası sabah keçiriləcək. İclasın gündəliyinə 27 məsələnin müzakirəsi daxil edilib. Bu mövzulardan biri də Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsidir. Burada vətəndaşlara maraqlı gələn bir məsələ var.

Bu cür layihə tibb xidmətlərinə necə təsir göstərəcək? Sığortaların təmin edilməsində hər hansısa bir problem yaranacaqmı?

Mövzu ilə bağlı Ajans-a açıqlama verən həkim, tibbi ekspert Rasif Bağırov bildirib ki, ilk növbədə onkoloji və oftalmoloji xəstələr tibbi sığortadan kənarda qalıb:

“Onkoloji xəstələr və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi də sığortaya daxil edilsə, yaxşı olar. Eyni zamanda ən çox əziyyəti onkoloji xəstələr çəkir. Əməliyyatlar, dərmanlar və s. həddindən artıq bahadır. Dövlət o dərmanları qarşılasa daha məqsədəuyğun olar. Çünki bəzi qonşu ölkələrdə - Gürcüstan, Ermənistan və s. xərçəng xəstələrinin xərcləri qarşılanır. Ona görə də iclasda bu məsələyə toxunulmasını istəyərdim. Düzdür, bizdə sığorta hələ tam işləyə bilmir. Ola bilsin ki, maddi və texniki baza tam hazır deyil. Amma həkimlər üçün yaranan əlavə maneələr var. Əvvəllər xəstələr rahat şəkildə sənəd alıb müayinə oluna bilirdi. Amma bu gün isə, göndərirlər ayrı yerə ki, gərək sırf poliknika həkimi müalicə etsin. Dünyanın hər yerində insan öz həkimini sərbəst seçməlidir. Ancaq insan öz həkimini sərbəst seçə bilmirsə, poliknika həkimindən asılı vəziyyətə düşürsə, onda bu tibbi sığortadan xəstə nə əldə edəcək? Digər tibbi proseslər var ki, daha dərindir və kifayət qədər pul tələb edilir. Yaxşı olardı ki, bütün sahələri sığortaya əlavə etsinlər. İndi başa düşürük ki, özəl klinikaların hamısını sığortaya əlavə etmək olmur. Amma insanlar özəl xəstəxanalara daha çox müraciət edir”.

R. Bağırov həmçinin onu da qeyd edib ki, əsas şərt xəstələrə sərbəst seçim haqqı tanımaq lazımdır:

“İcazə verin, xəstə hansı müayinələrdən keçmək istəyirsə, pulsuz şəkildə həmin müayinələrdən istifadə edə bilsin. Amma ən vacib amil odur ki, xəstə özü həkim seçə bilsin. Neçə dəfə olub ki, xəstə bizə şiddətli bel ağrıları ilə müraciət edib. Yırtıq da ola bilər, vərəm də. Göndəririk, poliknikaya ki, get, filan müayinələrdən keç. Poliknika da deyir ki, yox, sənə özəldə baxıblar. Biz yenidən səni 1 ay müalicə etməliyik. Xəstə də çıxılmaz vəziyyətdə qalır və yenə özələ üz tutur. Bu vətəndaşlar üçün çox çətindir. Bütün proseslərdən pulla keçmək insanlar üçün ağırdır. Yəni iclasda bu məsələlərdən də danışılsa, çox gözəl olardı”.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: