Xamneyidən Əsədin devrilməsindən sonra ilk AÇIQLAMA
İranın dini lideri Ayətullah Əli Xamneyi Suriyada 61 illik Baas rejiminin devrilməsindən sonra ilk dəfə çıxış edərək Əsədin devrilməsinin ABŞ və İsrailin birgə planının nəticəsi olduğunu və sübutlarla danışdığını bildirib.
Ajans.az xəbər verir ki, Əsədin ölkədən qaçmasından sonra ilk dəfə danışan dini lider Ayətullah Əli Xamneyi diqqətəlayiq ifadələr işlədib.
İranın ali dini lideri deyib:
“Şübhəsiz ki, Suriyada baş verənlər Amerika-Sionistlərin ortaq planının nəticəsidir. Bəli, qonşu dövlət açıq-aşkar rol oynayıb və oynamaqda davam edir. Bu, hamıya görünür. Amma real sui-qəsdçi, əsas planlayıcı, komandan ABŞ və sionist rejimdir. Bununla bağlı bizim dəlillərimiz var. Bu dəlil heç bir şübhə yeri qoymur”.
Xamneyi Bəşər Əsədin devrilməsindən sonra İsrailə qarşı müqavimətin zəiflədiyini deyib. O qeyd edib ki, Tehran gücünü azaltmayacaq.