Trampın qiymət qərarları Azərbaycana necə təsir edəcək?

Trampın qiymət qərarları Azərbaycana
İqtisadiyyat 04-04-2025 - 12:15
 59
ABŞ Prezidenti Donald Tramp Azərbaycan məhsullarına tarif tətbiq edib. Tramp bununla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycandan ABŞ-a idxal olunan məhsullara 10% tarif tətbiq olunacaq.
Sual yaranır, bu tarifin Azərbaycanda iqtisadiyyata necə təsir edəcəyi gözlənilir? Tarifin Azərbaycandan ABŞ-yə ixrac olunan hansı məhsullara daha çox təsiri olacaq?

Məsələ ilə bağlı "Ajans.az"a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, Tramp hakimiyyətinin kütləvi tarif artırma siyasətini dünyanın bütün ölkələrinə tətbiq etməsi birjalarda ciddi təlatümə gətirib çıxarır:

"Eyni zamanda, bunun yaradacağı əks tarif tətbiq etmə siyasətləri ciddi narahatlıq yaradır ki, ticarət müharibələri yaransın. Yəni, Trampın tətbiq etdiyi tariflərə cavab olaraq, həmin ölkələr, xüsusən Çin, Şərq və Avropa ölkələri əks tarif siyasətinə keçsinlər. Bu da bir neçə istiqamətdə mövcud ola bilər. Tramp hakimiyyətinin qaldırdığı iddialara uyğun olaraq tariflər aşağı salına bilər. Beləliklə, tətbiq edilmiş ölkələrlə qarşılıqlı razılıq nəticəsində Amerikaya tətbiq edilən tariflər aradan qaldırıla bilər. Bununla Tramp hakimiyyəti tətbiq edəcəyi tariflərdən geri çəkiləcək. 

Bu tariflərin necə hazırlandığı ilə bağlı fikirlər sual yaradır, amma ümumi şəkildə nəticə etibarilə Tramp bütün dünyada tarif elan edib. Narahatçılıq ondan ibarətdir ki, digər ölkələr buna əks tariflər tətbiq edəcəklər və nəticə etibarilə proses qızışacaq. Çünki Tramp tətbiq etdiyi tariflərdə rəqəmləri artıracağının anonsunu verdi’’.

Ekspert vurğulayıb ki, tarif müharibəsinin qızışması dünya iqtisadiyyatı üçün heç də arzuolunan deyil:
 
"Ən yaxşı ssenari olaraq ümid edək ki, bu ölkələr razılaşma əsasında məsələni həll edəcəklər. Bu qərar dünya ticarətinin həcminin aşağı düşməsi riskini yaradır. Təbii ki, bu amil ümumdünya iqtisadi artımına və inflyasiyaya da təsir edəcək. Xüsusən tamamlayıcı malların qiymətinin artması dünyada qlobal inflyasiyanın artmasına gətirib çıxara bilər. Bu da öz növbəsində Mərkəzi Bankların faiz dərəcələrinin kəskinləşməsinə səbəb olacaq.
Azərbaycana narahat edəcək digər nüans enerji qiymətlərinin enə biləcəyi ilə bağlı narahatlıqdır. Tramp hakimiyyətinin Azərbaycana tətbiq edəcəyi 10 faizlik rüsum ölkəmiz üçün baş ağrısı deyil. Çünki Azərbaycanın hazırda Amerika bazarına ciddi ixracatı yoxdur. Bu rüsumların tətbiqi ölkəmiz üçün simvolik olacaq. Amma bunun dolayı yolla təsirləri Azərbaycana gələcək baş ağrıları daha əhəmiyyətlidir’’.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: