Çin avtomobili alanların NƏZƏRİNƏ - Bu təhlükə var

Son zamanlar ölkəmizdə Çin avtomobillərinə olan marağın artması özü ilə birgə problemləri də gətirib. Sözügedən avtomobillərin həm keyfiyyəti sual doğurur, həm də ehtiyat hissələrinin tapılmaması kimi problemlər üzə çıxır. Nəticədə bazarda saxta ehtiyat hissələri də meydana çıxıb. Bu halda alıcılar Çin avtomobili alarkən nəyə diqqət etməlidir, ümumiyyətlə bu avtomobillər sərfəlidirmi?
Məsələ ilə bağlı Ajans.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, sözügedən problemlər əsasən rəsmi olmayan avtomobillərdə yaşanır:
“Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalardan sonra Rusiyanın avtomobil sənayesində tənəzzül oldu. Rus istehsalı avtomobillərin ən çox satdığı ölkələrdən biri də Azərbaycan idi. Bu avtomobillərin ölkəmizə idxalı dayanandan sonra Çin istehsalı avtomobillərə tələb artmağa başladı və ölkəmizdə Çin şirkətlərinin rəsmi dilerləri açıldı. Rəsmi distributor və dilerlərin satdığı avtomobillər zəmanətli avtomobillərdir, Avropa standartlarına uyğunlaşdırılıb.
Lakin, hazırda ölkəmizə rəsmi nümayəndəliyi olan Çin avtomobilləri ilə yanaşı, rəsmi nümayəndəliyi olmayan, Avropa standartlarına cavab verməyən, Çinin öz bazarı üçün istehsal olunmuş avtomobillər idxal olunur. Bu da müəyyən problemlər yaradır. İlk növbədə bu ziyan rəsmi dilerlərə dəyir, onlar bu ucuz satış rəqabətinə davam gətirə bilmirlər. Məlumatıma görə, ötən il ərzində rəsmi nümayəndəliyi, zəmanəti olmayan avtomobillərin satışı rəsmi avtomobillərdən daha çox olub.
Digər tərəfdən, bizim vətəndaşlarımıza ziyan dəyir. Zəmanəti olmayan avtomobili vətəndaş alır, xeyli pul ödəyir, avtomobildə müəyyən nasazlıqlar yarananda o avtomobili artıq təmir etmək olmur, çünki spesifikasiyası fərqlidir. Onu heç rəsmi servisdə də təmir edə bilmirlər, ehtiyat hissələri də tapılmır. Mühərrik sıradan çıxırsa, alıcı ziyana düşür, geri qaytara bilmir, zəmanət tələb edə bilmir. Yəni həm sahibkarlara, həm alıcılara ziyan dəyir. İstehsalçı zəmanəti olmayan, rəsmi dilerləri olmayan Çin avtomobillərində bəzən belə problemlər çıxır ki, displey qarışır, Çin dilində olur, öz-özünə hərəkət etməyə başlayır. Ən çox problemlər sürət qutusu ilə əlaqəli olur.
“Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası”nın İdarə Heyətinin sədri Eyyub Əliyev isə qeyd edib ki, 2020-ci ildən sonra ölkəmizə gələn Çin avtomobilləri daha keyfiyyətlidir:
“Son illər Çin avtomobil sənayesi çox inkişaf edib və bu avtomobillər Azərbaycanda da geniş yayılıb. Hazırda 20-dən çox marka rəsmi satış həyata keçirir. Hər bir yeni istehsal prosesində nöqsanlar, səhvlər olur və zaman keçdikcə o səhvlər düzəldilir. Hələ 10 il əvvəl ölkəmizə gətirilən Çin avtomobillərində nöqsanlar var idi, amma 2020-ci ildən gələn avtomobillər tamamilə dəyişdi. Həm xarici, həm daxili görünüşü çox müasir, multimedia sistemləri çox gözəl olan avtomobillər gəldi.
Bəzi avtomobillərin ehtiyat hissələrini tapmaq çətin olur, amma rəsmi şirkətlər tərəfindən ölkəyə gətirilən avtomobillərin hər bir detalı rəsmi servislərdə var.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.