Ermənistan sərhəddə yenə aktivləşdi: Təxribata hazırlıq gedir?
Ermənistan parlamentinin 2025-ci il üçün dövlət büdcəsini təsdiqləməsi diqqət mərkəzinə düşüb. Müdafiə xərclərinin 20% artırılaraq 1,713 milyard dollara çatdırılması və ümumi büdcə xərclərinin 7,8 milyard dollarla cari ildən 13% çox olması bölgədə gərginliyin artacağına dair narahatlıqlar doğurub.
Bir neçə gün əvvəl Yerkrapa terrorçu qruplaşmasının rəhbəri Sasun Mikayelyanın Azərbaycanla sərhəd mövqelərinə baş çəkməsi, gərginliyin yeni müstəviyə keçə biləcəyini göstərir. Mikayelyan mövqelərdə mənəvi-psixoloji vəziyyətin yüksək səviyyədə olduğunu və qruplaşma üzvlərinin döyüşə tam hazır olduğunu bildirib. Eyni zamanda, Ermənistan hərbçiləri Yuxarı Şorca (Basarkeçər rayonu) kəndində yeraltı tunellər qazmağı da son günlər əsas müzakirə mövzsudur.
Ermənistanın bu addımları regionda sülh perspektivlərini sual altına qoyur. Xüsusilə də, müdafiə büdcəsinin artırılması və sərhəddə aktivliyin yüksəlməsi, yeni hərbi qarşıdurmanın başlama ehtimalını artırır. Ermənistanın müxalifət partiyalarının büdcə layihəsinə səs verməməsi isə daxili siyasi narazılığın dərinləşdiyini göstərir.
Məsələ ilə bağlı Ajans.az-a danışan hərbi ekspert Azər Bayramov Ermənistanın bu addımlarını şərh edərək, Yerkrapa birliyini terrorçu qruplaşma kimi xarakterizə edib:
"Yerkrapa özünü qeyri-hökumət təşkilatı kimi göstərməyə çalışsa da, əslində bu, yarıhərbiləşdirilmiş qruplaşmadır. Onların II Qarabağ müharibəsindən sonra sərhəd bölgələrinə yerləşdirilməsi təxribatların artmasına şərait yaradıb. Sonuncu sərhəd təxribatında hərbçimizin yaralanması da bu qruplaşmanın üzvləri tərəfindən törədilib. Bu qruplaşmanın rəhbərliyinin sərhəd bölgələrinə baş çəkməsi isə açıq təxribatdır."
Ekspert qeyd edib ki, Ermənistan bu cür addımlarla sülh prosesinə maneə yaradır. Onun sözlərinə görə, hazırki inkişaflar fonunda bölgədəki hərbi-siyasi vəziyyət yenidən diqqət mərkəzinə çevrilib və tərəflərin davranışları yaxın aylarda sülh və ya münaqişə ehtimallarını müəyyən edəcək əsas amillərdən biri olacaq:
"Əgər Ermənistan həqiqətən sülh istəyirsə, hərbi qruplaşmalarını Azərbaycanla sərhəd bölgələrindən çıxarmalıdır. Onlar öz qüvvələrini İran və ya Gürcüstanla sərhəd bölgələrinə yerləşdirə bilərlər. Amma məqsəd açıq şəkildə gərginliyi artırmaqdır. Sərhəddə tunel tikintisi və hərbi hazırlıqlar münaqişə riskini artırır və bu, təhlükəli bir yanaşmadır.
Ermənistanın müdafiə büdcəsini artırması və sərhəddəki fəallığı bölgədə sülh perspektivlərini sual altına qoyur. Ermənistan müxalifətinin büdcə layihəsinə qarşı çıxması daxildə siyasi narazılığın artdığına işarə etsə də, bu addımların xarici siyasətdə təhlükəli nəticələrə gətirib çıxara biləcəyi ehtimalı böyükdür".
Azər Bayramov əlavə edib ki, Azərbaycan tərəfi dəfələrlə Ermənistanı sülh istiqamətində addımlar atmağa çağırıb. Lakin sərhəddə artan hərbi aktivlik və Ermənistanın hərbi xərclərini artırması sülh prosesinə ciddi maneə törədir. Bu vəziyyət gələcəkdə gərginliyin artması və ya yeni münaqişənin başlama ehtimalını gündəmə gətirir.