Rusiyadan gələn təhlükəli zəng...
Bildiyimiz kimi, son dövrlərdə yeni bir fırıldaqçılıq növü yaranıb. Sözügedən akt zamanı kiber dələduzlar əsasən yaşlı nəslin nümayəndələrinə zəng edir, hansısa ailə üzvünün xəstəxanada olduğunu və təcili pul lazım olduğunu deyir. Bəzi insanlar da onlara inanır və külli miqdarda pul göndərir. Sosial şəbəkələrdə bu cür fırıldaqçıların qurbanı olan şəxslərin yaxınları paylaşımlar edir, insanlara diqqətli olmalarını deyir.
Bəs, bu tip halların qarşısını almaq olarmı? Hansı tədbirlər alınmalıdır?
Məsələ ilə bağlı Ajans.az-a açıqlama verən İKT eksperti Fərid Pərdəşünas bildirib ki, bu dələduzluq növü daha çox Rusiyadan həyata keçirilir:
“Rus dilli şəxslərə zəng edilir. Yaşlı insanlarla, xüsusən də rus dilli şəxslərlə əlaqə saxlayırlar. Deyirlər ki, sizin nəvəniz, qızınız, gəlininiz və s. bədbəxt hadisəyə düçar olub və pul lazımdır. Bundan qorunmağın yeganə yolu maariflənməkdir. İnsanlar tanımadığı insanlara inanmamalıdır. Hər gələn zəngə güvənmək olmaz. Xüsusilə, əgər belə bir hal baş veribsə və zəng gəlibsə, dərhal həmin şəxslə əlaqə saxlanılmalıdır. Şəxslər dərhal dəstəyi asıb qızına (kim barədə zəng gəlibsə - red) və s. zəng etməlidir və məsələni araşdırmalıdır”.
Ekspert həmçinin qeyd edib ki, bu cür halların qarşısını texniki vasitələrlə almaq mümkün deyil:
“Çünki zənglər daxil olur və vətəndaşlar bu formada aldadılır. Vətəndaş ayıq-sayıq davranmalıdır. Hər gələn zəngə inanmalıdır. Yəni yeganə metod insanları maarifləndirməkdir. Mediada bu barədə danışmaq lazımdır. Bu tipli dələduzluqları ön plana çıxartmaq lazımdır ki, insanlar ölkədə nə baş verdiyindən xəbərdar olsunlar”.
Qeyd edək ki, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi də kiber dələduzluqlarla bağlı daim maarifləndirici işlər aparır, bu cür halların yayılmasının qarşısını almağa çalışır.