Ramiz Mehdiyev dövründəki korrupsiya FAKTLARI - Cinayət işi BAŞLANILDI

Ramiz Mehdiyev dövründəki korrupsiya FAKTLARI -
Gündəm 21-10-2024 - 15:24
 99

Bir neçə gün öncə Hesablama Palatası növbəti Kollegiya iclasını keçirmişdi. İclasda bir çox məsələlər, eyni zamanda “Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditi”nin nəticələri müzakirə olunub.

Hesablama Palatasından daxil olan material əsasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəaliyyətində aşkar edilən qanun pozuntuları ilə bağlı aparılmış araşdırma üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Qeyd olunub ki, AMEA-nın 2020-2023-cü illərə dair fəaliyyəti üzrə təyin edilmiş audit yoxlamaları nəticəsində vəzifəli şəxslər tərəfindən külli miqdarda dövlət vəsaitinin təyinatı üzrə istifadə edilməməsi, habelə digər qanun pozuntularının törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Ajans.az-ın məlumatına görə, faktlarla bağlı aparılmış araşdırma üzrə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Xatırladaq ki, ötən gün aparılan müzakirələrin nəticəsinə əsasən, 2020-2021-ci illərdə dövlət vəsaitindən və əmlakından istifadədə aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal olunması nəzərə alınmaqla müvafiq materialların Baş Prokurorluğa göndərilməsinə dair qərar qəbul olunmuşdu.

Məlumat üçün bildirək ki, sözügedən dövrdə AMEA-nın prezidenti Ramiz Mehdiyev olub. O, 2019-2022-ci illərdə bu vəzifəni icra edib.

Hazırda ona qarşı cinayət işinin açılması ilə bağlı müzakirələr dolanır.

Məsələ ilə bağlı Ramiz Mehdiyevin özü yerli media saytlarına verdiyi müsahibədə heç bir şeydən xəbəri olmadığını bildirib.

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: