Qədr gecəsində bu əməllər günah sayilir- AÇIQLAMA

Bu gün Azərbaycanda ilk Qədr (əhya) gecəsidir. ilk Qədr gecəsi Ramazan ayının 18-ci gününə, yəni martın 18-dən 19-na keçən gecəyə təsadüf edir.
İkinci Qədr gecəsi martın 20-də, üçüncüsü 22-si, sonuncusu isə 26-da olacaq. Qədr gecəsi Ramazan ayının son 10 günündə və tək günlərə təsadüf edir.
İlahiyyatçı Ağa Hacıbəyli Ajans.az a açıqlamasında deyib ki, Ramazanı layiqincə dəyərləndirə bilməyən insan Qədr gecəsini də əhya edə bilmir:
‘’Qədr gecəsi ayların deyil, günlərin və gecələrin padişahıdır. Allah bu gecədə hər şeyi dəyişir. Biz Qurani-Kərimin nazil olduğu bu mübarək gecəyə toplaşırıq və yenidən o ana qayıtmağa çalışırıq. Bu baxımdan, Qədr gecəsinin mahiyyətini anlamaq üçün insan öz qəlbini hazır vəziyyətə gətirməlidir.
Əgər bir insanın qəlbində kiməsə qarşı kin varsa, küsülü olduğu insanla barışıb bağışlamağı bacarmırsa, başqalarına pislik arzulayırsa, həmin adam Qədr gecəsində ibadət etsə belə, Allahın lütfünə nail ola bilməyəcək. Çünki Allah zahirə deyil, insanın qəlbinə baxar. Qədr Gecəsi günahların bağışlanması üçün böyük bir fürsət olsa da, bu gecədə bəzi əməllər insanı Allahın lütfündən məhrum edə bilər. Ona görə də bəzi əməllərdən uzaq durmaq tövsiyə olunur. Məsələn, başqaları haqqında pis danışmaq və yalan məlumat yaymaq böyük günahdır. Qədr Gecəsində bağışlanmaq üçün insanın qəlbi kin-küdurətdən təmiz olmalıdır’’.
A.Hacıbəyli bildirib ki, Küsülü qalan və bağışlamağı bacarmayan insanın duası qəbul olunmaya bilər:
‘’Hər zaman günah olan yalan, bu gecədə daha da ağır hesab edilir. Qədr Gecəsində insan əxlaqlı olmağa daha çox diqqət yetirməlidir.
Bu gecədə vaxtını boş şeylərə sərf edib ibadətdən uzaq qalmaq fürsəti itirmək deməkdir. Qədr Gecəsi insanın həyatını dəyişdirməsi, tövbə etməsi və Allahla bağını gücləndirməsi üçün çox önəmli bir gecədir. Bu gecənin dəyərini bilib, onu layiqincə keçirmək hər müsəlman üçün böyük bir fürsətdir’’.