Orta məktəblərdə erməni dili keçiriləcək? - ÖZƏL AÇIQLAMA
Sabiq təhsil naziri Firudun Cəlilov açıqlama verib ki, Azərbaycanda erməni dili tədris olunmalıdır.
Ajans.az xəbər verir ki, Azərbaycanda erməni dili artıq uzun müddətdir ki, tədris olunur. Bu barədə Ajans.az-a Bakı Dövlət Universitetinin “Ümumi dilçilik” kafedrasının müəllimi, erməni dilinin tədrisi ilə məşğul olan İlkanə Məmmədova açıqlamasında bildirib.
Həmin açıqlamanı təqdim edirik.
“Erməni dili artıq uzun müddətdir ki, Azərbaycanda tədris olunur. Bu dilin tədrisi təkcə dil bilgisi ilə də məhdudlaşmır, tələbələrə həm də bu dildə olan mənbələrlə işləməyi, regional problemləri daha dərindən təhlil etməyi öyrədirik. Məsələn, erməni mənbələrindən birbaşa istifadə etmək, onların tarix və siyasətini daha dərindən başa düşmək, həm də Azərbaycanın maraqlarını qorumaq üçün bu dili öyrənmək xüsusilə əhəmiyyətlidir. Bu cür biliklər beynəlxalq müzakirələrdə, diplomatik proseslərdə, hətta elmi tədqiqatlarda da bizə üstünlük qazandırır.
Erməni dili hazırda Bakı dövlət Universitetinin Tarix fakültəsinin Qafqazşünaslıq ixtisasının tələbələrinə 4 semestr ərzində mütəmadi tədris olunur. Və sadəcə bakalavr ixtisası ilə məhdudlaşmır, həmçinin Tarix fakültəsinin “Ermənistanşünaslıq” ixtiası üzrə magistratura pilləsində də bu dil tədris olunur və ixtisaslı kadrlar yetişdirilir.
Erməni dilinin tədrisində məqsəd yalnız linqvistik biliklər qazanmaq deyil, həm də bu dili istifadə edərək mənbələri, məlumatları doğru təhlil etməkdir. Bu hərbi-siyasi strategiyalar hazırlamaqda, elmi araşdırmalarda, diplomatiyada əvəzsiz güc deməkdir. Dil bilmək təkcə düşməni başa düşmək deyil, həm də onun zəif tərəflərini analiz etmək imkanıdır. Bu yalnız qarşıdurmalar zamanı deyil, eyni zamanda sülh şəraitində də olduqca vacibdir.
Erməni dili üzrə biliklərə sahib olan məzunlar bir çox sahələrdə iş tapmaq imkanına malikdirlər. Onlar əsasən dövlət strukturlarında, təhlükəsizlik xidmətlərində, beynəlxalq təşkilatlarda və elmi-araşdırma mərkəzlərində çalışa bilərlər. Bununla yanaşı, jurnalistika və analitik mərkəzlərdə də erməni dilinə ehtiyac böyükdür.
Qeyd etmək istərdim ki, universitet tədrisindən əlavə erməni dilini öyrənmək üçün müraciət edən insanlar çoxdur. Xüsusilə, tarix, siyasət və dil sahələrində araşdırma aparmaq istəyən şəxslər erməni dili üzrə özəl dərs almaq üçün bizə müraciət edirlər.
Qeyd edim ki, Ermənistanın bir sıra məktəblərində türk dili ilə yanaşı artıq Azərbaycan dili də tədris olunur. Məncə, bizim ölkəmizdə də bu məsələylə bağlı addımlar atmaq lazımdır. Bütün məktəblərdə olmasa da , bəzi ixtisaslaşmış orta məktəblərdə erməni dili tədris olunmalıdır".