Orban bu qərarın imtina edilməsini təsdiqlədi
Rusiya Milad bayramı üçün Ukrayna ilə genişmiqyaslı məhbus mübadiləsinə razılaşıb, lakin ikinci təklifdən imtina edib.
Ajans.az xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban “Kossuth” radiosunun səhər proqramında danışıb. Hökumət başçısı qeyd edib ki, hələ də buna ümid bəsləyir.
“Bir tərəf razılaşdı, digəri imtina etdi, lakin ehtimal hələ də qalır”, - deyə, Orban bildirib.
Siyasətçi Rusiya prezidenti Vladimir Putinlə söhbətini xatırladıb. Orbanın sözlərinə görə, söhbət zamanı onlar “Milad atəşkəsi” və Moskva ilə Kiyev arasında genişmiqyaslı məhbus mübadiləsi imkanlarını müzakirə edib. Macarıstan bu barədə Ukrayna tərəfini məlumatlandırsa da, prezident Vladimir Zelenski bu təklifi rədd edib. Orbanın sözlərinə görə, məhbus mübadiləsi “yüzlərlə və ya minlərlə insanı xoşbəxt edə bilər”.
Putin və Orban arasında söhbət çərşənbə günü, dekabrın 11-də baş tutub. Kremlin sözçüsü Dmitri Peskovun qeyd etdiyi kimi, Rusiya sülh müqavilələrindən heç vaxt imtina etməyib. O, İstanbulda əldə olunmuş razılaşmalar əsasında danışıqları bərpa etməyə hazır olduğunu təsdiqləyib. Lakin Peskov bəyan edib ki, Kiyev buna maraq göstərmir.