Kriştianu Ronaldunun klubuna transfer qadağası
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu böyük borc yükü ilə üz-üzə qalıb.
Ajans.az xəbər verir ki, Kriştianu Ronaldunun formasını geyindiyi klubun ümumi borcunun 200 milyon dolları keçdiyi bildirilir.
Maliyyə vəziyyətinin ağırlaşması “Əl-Nəsr”in transfer fəaliyyətinə də təsir göstərib. Klub maliyyə balansını bərpa edənədək yeni futbolçular və məşqçilərlə müqavilə bağlamasına məhdudiyyət qoyulub.
Rəhbərlik bundan sonra mümkün keçidləri yalnız klubun öz gəlirləri və sponsorluq vəsaitləri hesabına maliyyələşdirə biləcək.
“Əl-Nəsr”ə nəzarət edən Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu böhranın aradan qaldırılması üçün idarəetmədə dəyişikliklərə başlayıb. Klub rəhbərliyinin bir sıra maliyyə səlahiyyətləri məhdudlaşdırılıb, prosesə müstəqil mütəxəssislər cəlb olunub.
Maliyyə yükünün azaldılması məqsədilə klubun səhmlərinin bir hissəsinin satışa çıxarılması da müzakirə edilir.