Bu ölkədə FÖVQƏLADƏ VƏZİYYƏT
İyulun 25-də Çin hökuməti "Honqsya" tayfununun yaxınlaşması səbəbindən ölkənin bir neçə bölgəsində "narıncı" (yüksək) təhlükə səviyyəsi elan edib.
Ajans.az xəbər verir ki, bu barədə Çin Meteorologiya İdarəsi məlumat yayıb.
Qurumun məlumatına görə, "Honqsya" səhər saatlarında tropik fırtınadan tayfun səviyyəsinə qədər güclənib. Onun iyulun 26-na keçən gecə Honkonq bölgəsində, həmçinin ondan şərqdə yerləşən Quandun əyalətinin sahillərində, Huilay şəhərinə qədər olan ərazidə quruya çıxacağı proqnozlaşdırılır.
Sinoptiklərin proqnozlarına əsasən, gələcəkdə "Honqsya" şimal istiqamətində hərəkət edəcək. İyulun 25-də Quandun, qonşu Fujian əyaləti və Tayvan adasına təsir edəcək şiddətli yağıntılar gözlənilir.
Bundan əlavə, növbəti sutka ərzində Çinin şimal-şərqində - Rusiya ilə sərhəddə yerləşən bölgələrində leysan xarakterli yağışlar yağacaq. Şiddətli yağışlar, həmçinin şərqdə Şandun, mərkəzdə Henan bölgələrinə düşəcək və Çinin cənub-qərbindəki Yunnan əyalətini də əhatə edəcək.
Çində təbii fəlakətlərlə bağlı dörd xəbərdarlıq səviyyəsi mövcuddur: "qırmızı" (ən yüksək), "narıncı" (yüksək), "sarı" (artmış) və "mavi" (mötədil). Bu təsnifata uyğun olaraq, hökumət zərərin minimuma endirilməsi, itkilərin qarşısının alınması və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün lazımi həcmdə resursları cəlb edir.