Daha 30 ukraynalı uşaq Azərbaycana gətirildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə 30 ukraynalı uşaqdan ibarət daha bir qrup sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilmələri üçün ölkəmizə gətirilib.
Bu barədə Ajans.az-a agentlikdən məlumat verilib.
Bildirilib ki, ukraynalı uşaqlar agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində 10 günlük reabilitasiya proqramı çərçivəsində xidmətlərlə təmin ediləcəklər.
Bu müddətdə onların emosional vəziyyətinin stabilləşdirilməsi və cəmiyyətə inteqrasiyasına dəstək məqsədilə fərdi konsultasiyalar, qrup terapiyaları, yoqa və rəqs terapiyası məşğələləri təşkil olunacaq. Uşaqlara müalicəvi masaj, müalicəvi hovuz və vanna, art-terapiya və digər növlərdə reabilitasiya xidmətləri də göstəriləcək.
Ukraynalı uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə onlar üçün müxtəlif ekskursiyalar, stolüstü oyunlar, müxtəlif yarışlar və digər tədbirlər də proqrama daxil edilib.
Qeyd edək ki, ötən dövrdə agentlik tərəfindən Ukraynadan 450-yə yaxın uşaq və gənc ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.