Kiyevdə Rusiya hücumu nəticəsində ölənlərin sayı 30-a çatıb
Kiyevdə iyulun 2-də Rusiyanın həyata keçirdiyi raket və pilotsuz uçuş aparatı hücumu nəticəsində həlak olanların sayı 30 nəfərə çatıb.
Ajans.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətindən məlumat verilib.
Dağıdılmış yaşayış binasının dağıntıları altından daha üç nəfərin meyiti çıxarılıb. Bununla da hücum nəticəsində ölənlərin ümumi sayı 30-a yüksəlib.
Xatırladaq ki, Rusiya iyulun 2-nə keçən gecə Kiyevə genişmiqyaslı raket və pilotsuz uçuş aparatları ilə hücum edib. Zərbələr nəticəsində paytaxtın bütün rayonlarında dağıntılar qeydə alınıb.
Ən ciddi dağıntılar Desnyanski rayonunda doqquzmərtəbəli yaşayış binasında, eləcə də Darnitski rayonunda yerləşən beş və doqquzmərtəbəli yaşayış binalarında baş verib.
Ukraynanın daxili işlər naziri İqor Klimenkonun sözlərinə görə, hücum nəticəsində paytaxtda 20-dən çox yaşayış binasına ziyan dəyib. Axtarış-xilasetmə əməliyyatları davam edir.