Ajans.az xəbər verir ki, 36 yaşlı sənətçi Kaliforniyanın Tarzana bölgəsində yerləşən təxminən 15 milyon dollar dəyərindəki malikanəsini nümayiş etdirərkən evin ən diqqətçəkən hissəsi qonaq otağının döşəməsinə inteqrasiya olunmuş dairəvi akvarium olub. Xüsusi möhkəm şüşə ilə örtülən qurğuda köpəkbalıqları və skat balıqları saxlanılır.
Derulo bildirib ki, layihənin həyata keçirilməsi böyük maliyyə vəsaiti və uzun müddət tələb edib. Onun sözlərinə görə, akvariuma peşəkar mütəxəssislər tərəfindən müntəzəm qulluq edilir, suyun keyfiyyəti isə daim nəzarətdə saxlanılır.
Lakin görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra heyvanların müdafiəsi ilə məşğul olan təşkilatlar müğənnini vəhşi heyvanların ev şəraitində saxlanılmasını təşviq etməkdə ittiham ediblər. Mütəxəssislər qeyd ediblər ki, köpəkbalıqları artıq həddindən artıq balıq ovu, okeanların çirklənməsi və təbii yaşayış mühitinin məhv edilməsi səbəbindən ciddi təhlükə altındadır.
Onların fikrincə, vəhşi dəniz canlılarının dəbdəbə və status simvolu kimi təqdim edilməsi cəmiyyətə yanlış mesaj verir. Heyvan hüquqları müdafiəçiləri vurğulayırlar ki, köpəkbalıqları və digər dəniz canlıları dekor elementi və ya aksesuar deyil.
Sosial şəbəkələrdə də müğənninin addımı geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi akvariumun heyvanlar üçün uyğun şərait yaratmadığını iddia edib, digərləri isə bunu varlıların həddindən artıq dəbdəbə nümayişi kimi qiymətləndiriblər.
Qeyd edək ki, Kaliforniya qanunvericiliyi bəzi köpəkbalığı növlərinin şəxsi akvariumlarda saxlanılmasına icazə versə də, heyvan hüquqları təşkilatları uzun illərdir bu təcrübəyə qarşı kampaniya aparırlar.